Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY 709 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIB

ÖTƏN AY 709 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIB

07.12.2022

Muxtar respublikada torpaq istifadəçiliyi sahəsində aşkar olunan qanun pozuntularının aradan qaldırılması, daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatına alınması noyabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası uğurla davam etdirilib.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Şərur rayonunun Yengicə kəndində maarifləndirici tədbir keçirilib. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin nümayəndələri ilə birlikdə Şahbuz rayonunun Kolanı kəndində bələdiyyə sədrlərinin, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici görüş olub, torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənmiş kartoqramlar rayonun Aşağı Qışlaq, Yuxarı Qışlaq, Kolanı və Biçənək bələdiyyələrinə təqdim edilib.

Ötən ay 709 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 599 texniki sənəd hazırlanıb, yeni yaranan 41 daşınmaz əmlak obyektinə ünvan verilib, 105 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 517 arayış verilib. Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 122 müraciət qəbul edilərək icra olunub. Muxtar respublika üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan kənd təsərrüfatına yararlı, dəmyə əkin sahələrinin uçotu aparılıb, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1137 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 8 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 4 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Ay ərzində Şərur rayonunun Çəmənli, Qarxun, Babək rayonunun Aşağı Buzqov, Kərimbəyli, Ordubad rayonunun Tivi, Vənənd, Culfa rayonunun Xanəgah və Şahbuz rayonunun Mahmudoba kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib.

Baxılıb: 141