DAHA BİR RAYONDA TORPAQLARIN ELEKTRON UÇOTUNUN APARILMASI İLƏ BAĞLI İŞLƏR BAŞA ÇATDIRILIB
26.07.2019
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanı ilə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Kəngərli rayonunda planaalma işləri başa çatdırılıb.
Planaalma işləri nəticəsində rayonun bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturları çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilib. Plana alınmış 8 minə yaxın daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Komitənin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb. Mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunaraq uyğunsuzluqların aradan qaldırılmasına başlanılıb.
Qeyd edək ki, 2016-cı ildən başlanılan planaalma işləri Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad və Culfa rayonlarında da tam yekunlaşdırılıb. Ordubad və Culfa rayonları üzrə məlumatlar yeni xəritələrin üzərinə köçürülərək Torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilib. Yaxın günlərdə isə Şahbuz və Sədərək rayonlarında planaalma işlərinə başlanılması nəzərdə tutulur.
Baxılıb: 2016