KƏNGƏRLİ RAYONUNDA PLANAALMA İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR
09.07.2019
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanı ilə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Kəngərli rayonunda planaalma işləri uğurla davam etdirilir.
2019-cu ilin may ayından başlanılan planaalma işləri nəticəsində rayonun 6 yaşayış məntəqəsində torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb. Nəticədə, plana alınmış 5 mindən artıq daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Komitənin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb.
Hazırda planaalma işləri başa çatmış yaşayış məntəqələrinin ərazilərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunur, uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.