Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN MƏHSULDARLIĞININ ARTIRILMASINDA TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARININ ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA SEMİNAR MÜŞAVİRƏ KEÇİRİLİB

“KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN MƏHSULDARLIĞININ ARTIRILMASINDA TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARININ ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA SEMİNAR MÜŞAVİRƏ KEÇİRİLİB

01.12.2022

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə Kolanı kəndində keçirilən seminar müşavirədə Şahbuz rayonundan olan torpaq mülkiyyətçiləri iştirak edib.

Müşavirədə rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsinin əməkdaşı Orxan Əlizadə rayonda torpaqların münbitliyinin artırılması ilə bağlı görülən işləri diqqətə çatdırıb, rayonun coğrafi mövqeyinin kənd təsərrüfatı məhsulları istehsalında rolundan ətraflı bəhs edib.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov mövzu ilə bağlı çıxış edərək torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

“Araz” Elm İstehsalat Birliyinin şöbə müdiri Fazilə Fərəcova torpaq analizləri və torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarının əhəmiyyətindən, həmin şöbənin kartoqrafı Nadir Quliyev isə torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarından istifadə qaydaları barədə torpaq mülkiyyətçilərinə məlumat veriblər.

Seminar müşavirədə çıxış edənlər qeyd ediblər ki, topağın münbitliyinin artırılması üçün ilk növbədə onun tərkibindəki qida maddələrinin miqdarı və bunun normalara uyğunluğu ilə bağlı aqrotexniki tədbirlərin görülməsi mühümdür. Bu məqsədlə də torpaq nümunələri götürülüb laboratoriya şəraitində analiz olunmalı, tərkibindəki humus, azot və fosforun, o cümlədən turşuluq, qələvilik və karbonatlılığın miqdarı ölçülməlidir. Aparılan analizlərin nəticələrinə əsasən torpaq kartoqramları hazırlanır və əkiləcək hər bir bitki üçün üzvi və mineral gübrələrin normaları müəyyənləşdirilir. Buna görə də torpaq mülkiyyətçilərinin həmin kartoqramlardan istifadə etməsi sahələrdən yüksək məhsul götürmələrinə imkan verir.

Çıxış edənlər bildirib ki, bu ilin sentyabrında Şahbuz rayonunun Kolanı, Biçənək, Aşağı və Yuxarı Qışlaq kəndlərinin torpaqları analiz edilib və nəticələrlə bağlı  müvafiq kartoqramlar hazırlanıb.

Müşavirədə torpaqların qida maddələri ilə təmin olunmasına dair hazırlanan kartoqramlar həmin kəndlərin torpaq mülkiyyətçilərinə təqdim edilib.

Baxılıb: 150