Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRI ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN HAMİLİYİNƏ VERİLMİŞ İXTİSASLARDA TƏHSİL ALAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRI ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN HAMİLİYİNƏ VERİLMİŞ İXTİSASLARDA TƏHSİL ALAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

25.11.2022

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş “Torpaqşünaslıq və aqrokimya”, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisaslarında təhsil alan birinci kurs tələbələri ilə görüş keçirilib.

Xidmət tərəfindən yaradılmış “Yerquruluşu və kadastr” kabinəsində keçirilən görüşdə giriş sözü ilə çıxış edən universitetin prorektoru Rafiq Rəhimov hamilik tədbirlərinin əhəmiyyətindən danışıb.

Tədbirdə Xidmət rəisinin müavini Nurlan Fətəliyev hamiliyə verilmiş ixtisaslarda kadr hazırlığına dəstək istiqamətində görülmüş işlərdən bəhs edib, tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması, yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Xidmətin sektor müdiri Hikmət Orucov müxtəlif məzmunlu və miqyaslı xəritələrin hazırlanması, müasir geodeziya avadanlıqları vasitəsilə çöl şəraitində aparılmış ölçmə materiallarının emalı, kosmik şəkillərdən istifadə, üçölçülü relyef modellərinin yaradılması ilə bağlı tələbələrə geniş izah verib, onların suallarını cavablandırıb.

Sonda praktiki işlərin yerinə yetirilməsi zamanı fərqlənən “Torpaqşünaslıq və aqrokimya” ixtisasının tələbəsi Abdullazadə Vəli Yusif oğlu, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasının tələbəsi Quluzadə İlkin Şərafət oğlu təltif edilib.

Baxılıb: 136