Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY 715 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIB

ÖTƏN AY 715 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIB

15.11.2022

Muxtar respublikada torpaq istifadəçiliyi sahəsində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması, daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatına alınması oktyabr ayında da  Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası uğurla davam etdirilib.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Culfa rayonunun Camaldın kəndində bələdiyyə üzvlərinin, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici görüş keçirilib. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə Şərur rayonunun Dizə kəndində maarifləndirici tədbir keçirilib, torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənmiş kartoqramlar rayonunun Dizə, Axura və Həmzəli bələdiyyələrinə təqdim olunub.

Ötən ay 715 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 509 texniki sənəd hazırlanıb, yeni yaranmış 42 daşınmaz əmlak obyektinə ünvan verilib, 124 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 504 arayış verilib. Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən 108 müraciət daxil olub, daxil olan müraciətlər qəbul edilərək icra olunub.       

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə monitorinqlərin aparılması zamanı Şərur şəhərinin, Şahbuz rayonunun Badamlı qəsəbəsinin, Kükü, Qızıl Qışlaq və Sədərək rayonunun Dəmirçi kəndlərinin ərazisində müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Şahbuz rayonunun Biçənək kəndinin ərazisində monitorinq başa çatdırılıb, Kolanı kəndinin ərazisində monitorinq davam etdirilib, Badamlı və Aşağı Qışlaq kəndlərinin ərazilərində isə monitorinqlərə başlanılıb.

Hesabat ayında muxtar respublika üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan dəmyə əkin sahələrinin uçotu aparılıb, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 1100 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 5 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 7 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Şərur rayonunun Yuxarı Yaycı, Yengicə, Babək rayonunun Zeynəddin, Nəcəfəlidizə, Ordubad rayonunun Sabirkənd, Başkənd, Culfa rayonunun Əlincə və Şahbuz rayonunun Kükü kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib.

Baxılıb: 155