Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARDAN İSTİFADƏYƏ VƏ ONUN MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİ HƏYATA KEÇİRİLİR

TORPAQLARDAN İSTİFADƏYƏ VƏ ONUN MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİ HƏYATA KEÇİRİLİR

06.09.2022

Muxtar respublikada torpaqlardan səmərəli istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurun sadələşdirilməsi, vətəndaş məmnunluğunun artırılması və elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daim diqqətdə saxlanılır.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Babək rayonu üzrə meyvə bağlarına, yaşıllıq zolaqlarına dair məlumatlar dəqiqləşdirilərək torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilib. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Sədərək rayonunun Heydərabad və Naxçıvan şəhərinin Əliabad qəsəbələrində bələdiyyə üzvlərinin, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə ötən ay Sədərək rayonunun Dəmirçi və Şahbuz rayonunun Şahbuzkənd, Keçili, Mahmudoba, Nursu kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması üzrə iş aparılıb. Hesabat ayında 576 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 536 texniki sənəd hazırlanıb, yeni yaranmış 20 daşınmaz əmlak obyektinə ünvan verilib, 73 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 495 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib.

Səyyar xidmət qrupu tərəfindən Şərur rayonunun Aşağı Yaycı, Çərçiboğan, Babək rayonunun Məmmədrza Dizə, Gülşənabad, Ordubad rayonunun Nürgüt, Unus, Culfa rayonunun Ləkətağ və Şahbuz rayonunun Şahbuzkənd kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib. 10 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

 

Baxılıb: 145