Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - BABƏK RAYONUNDA BƏLƏDİYYƏ TORPAQLARININ İDARƏ EDİLMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB

BABƏK RAYONUNDA BƏLƏDİYYƏ TORPAQLARININ İDARƏ EDİLMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB

20.10.2021

Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə torpaqlarının idarə olunmasında səmərəliliyin artırılması” mövzusunda Babək rayonunun Şəkərabad kəndində bələdiyyə sədrlərinin iştirakı ilə seminar keçirilib.

Bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə fiziki və hüquqi şəxslərə verilməsinin xüsusiyyətləri mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov bildirib ki, bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərə icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. Bağlanmış müqavilədə tərəflərin hüquqları, vəzifələri və digər şərtlər də nəzərdə tutulmalı, daxil olmuş müraciətlərə qanunla müəyyən olunmuş qaydada vaxtında baxılmalıdır.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları hüquqi və fiziki şəxslərin icarəsinə verilməklə muxtar respublika əhalisinin  kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində xüsusi rol oynayır. Buna görə də həmin torpaqlar yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir.

Ədliyyə Nazirliyinin qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunvericilikdən irəli gələn vəzifələr mövzusunda məlumat verib. Bildirib ki, respublikamızda bələdiyyələrin inkişafı və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün zəruri şərait yaradılıb və yerli özünüidarə hüququnu həyata keçirməklə əhaliyə hərtərəfli köməklik göstərilir. Bu baxımdan bələdiyyələrin bütün iclasları protokollaşdırılmalı, tərtib olunan bələdiyyə aktları qanunvericiliyə uyğun hazırlanmalıdır.

Baxılıb: 1100