ƏMLAK VƏ TORPAQ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİNƏ DİQQƏT ARTIRILIB
08.10.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı, texniki sənədlərin hazırlanması, eləcə də əmlak və torpaq münasibətlərinin tənzimlənməsi cari ilin 9 ayı ərzində diqqətdə saxlanılıb.
Ötən dövr ərzində 133 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 153 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 17,7% artıb. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, 238 müayinə aktı yazılıb, 20 bölünmə və birləşmə planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 371 müraciət daxil olub. 173 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 404 arayış verilib. Ötən müddət ərzində əmlakın qiymətləndirilməsi ilə bağlı müraciətlər diqqətdə saxlanılıb, 33 əmlakın qiymətləndirilməsi icra edilib, müvafiq hesabatlar hazırlanıb.
Vətəndaşlar tərəfindən daxil olmuş 42 şifahi, 5 yazılı müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq olaraq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.
Rayonun 9 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 38 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 1244
