Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏYƏ NƏZARƏT GÜCLƏNDİRİLİB

TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏYƏ NƏZARƏT GÜCLƏNDİRİLİB

03.09.2021

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsi, mülkiyyət hüquqlarının qeydiyyatı istiqamətində işlər Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən avqust ayında da uğurla icra edilmişdir.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na müvafiq olaraq Culfa rayonu ərazisində 174 hektar meyvə bağı, 117 hektar meşə zolağı, Şahbuz rayonu ərazisində 163,58 hektar meyvə bağı və 33,56 hektar meşə zolağı plana alınaraq xəritələşdirilmişdir.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” və “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Culfa rayonunun Əbrəqunus və Naxçıvan şəhərinin Tumbul kəndlərində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin, ailə təsərrüfatı başçılarının iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Şərur rayonunun Muğancıq-Müslüm, Muğancıq-Mehrab, Kosacan kəndlərinin və Kəngərli rayonunun Çalxanqala kəndinin ərazisində aparılan monitorinqlər zamanı müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Şərur rayonunun İbadulla və Qışlaqabbas kəndlərinin ərazisində monitorinqlərə başlanmışdır.

Ötən ay 722 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 499 texniki sənəd hazırlanmış, 97 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmış, yeni yaranmış 32 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. Naxçıvan şəhərinin 11 nəqliyyat infrastrukturu obyektində ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması işləri yekunlaşdırılmışdır.

Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılmış, 1 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilmiş, təsərrüfat fəaliyyəti ilə əlaqədar 8 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.

Baxılıb: 988