Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - QARABAĞLAR TÜRBƏ KOMPLEKSİ ZİYARƏT OLUNUB

QARABAĞLAR TÜRBƏ KOMPLEKSİ ZİYARƏT OLUNUB

30.08.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri 28 avqust 2021-ci il tarixdə Qarabağlar Türbə Kompleksini ziyarət ediblər.

Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-İslam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işləri görülmüşdür.

Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksin əsasını türbə təşkil edir. Bu türbə qülləvarı xatirə tikintilərinə aiddir və on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində müqəddəs “Qurani-Kərim”in “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır. Türbənin memarlıq quruluşu, tikilişi zamanı tətbiq edilən dəqiq həndəsi ölçmələr, üzərində əsrlərdir təbii təsirlərdən solmayan boyalı naxışlar abidənin möhtəşəmliyindən xəbər verir. Eyni zamanda bu tikili Naxçıvan memarlıq sənətinin, mədəniyyətimizin inkişafının da bir göstəricisidir.

Türbənin xanəgah hissəsində sərgilənən eksponatlar içərisində saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, həmçinin toxuculuq nümunələri Qarabağların zəngin mədəni irsə malik yurd yeri olduğunu göstərir. Eyni zamanda buradakı ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və sonra çəkilmiş fotoşəkilləri, kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixi və kompleks haqqında məlumatları özündə əks etdirən kitablar nümayiş etdirilir.

Baxılıb: 1009