ŞAHBUZ RAYONUNDA BƏLƏDİYYƏ TORPAQLARININ İDARƏ EDİLMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB
19.08.2021
Avqustun 19-da Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə bələdiyyələr üçün “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda seminar keçirilib. Tədbirdə qeyd olunub ki, torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, təbii və antropogen təsirlərdən qorunması, mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqdan haqqı ödənilməklə istifadə edilməsi bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri hesab olunur. Bildirilib ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.
Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları isə yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqlarının normaları, torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları, qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər, bələdiyyə torpaqlarından istifadəyə və onların mühafizəsinə nəzarət sahəsində qanunvericiliyin tələbləri və müvafiq qanunvericiliyin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Baxılıb: 796