ORDUBAD RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
25.06.2021
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”na və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq iyunun 24-də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, AMEA-nın Naxçıvan Bölməsinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirkənddə torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı İlkin Həsənov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Seminar-müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunması və xəritələşdirilməsi, torpaqların mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər, torpaq-iqlim xüsusiyyətləri və rayonlaşma nəzərə alınmaqla meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi, ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması, etiketlənməsi, əkin atlaslarına uyğun əkinlərin aparılması, meyvə-tərəvəzlərin, o cümlədən bostan məhsullarının qurudulması və qablaşdırılması barədə iştirakçılara məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb, maarifləndirici bukletlər təqdim olunub.
Baxılıb: 293