NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QARS MÜQAVİLƏSİ İLƏ TƏSBİT OLUNMUŞ ƏRAZİSİNİN XƏRİTƏSİ HAZIRLANIR
17.06.2021
2021-ci il fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mühüm tarixi-siyasi əhəmiyyətə malik olan və Naxçıvanın muxtariyyət statusuna təminat verən Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin Sərəncamla təsdiq olunmuş “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nda Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit olunmuş ərazisinin xəritəsinin hazırlanması ilə bağlı vəzifələr müəyyənləşdirilmişdir.
Tədbirlər Planının müvafiq bəndinin icrası ilə əlaqədar olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən müqavilənin 5-ci maddəsinə və 3-cü əlavəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının təsbit olunmuş sərhədlərini əhatə edən ərazilərdə coğrafi obyektlər müəyyənləşdirilmişdir.
Qafqaz Hərbi Dairəsinin 1903-cü ilə dair hərbi-topoqrafik xəritəsi, Azərbaycan Demokratik Respublikasının sərhədlərini əks etdirən 1918-1920-ci illərə dair xəritə, Qafqazın 1926-cı ilə dair 5 verstlik (1:210 000 miqyaslı) topoqrafik xəritəsi beynəlxalq koordinat sisteminə uyğunlaşdırılmış, obyektlərin koordinatları xəritə üzərinə köçürülmüşdür. Eyni zamanda, Xidmətin məlumat bazasında olan 1:25 000 miqyaslı topoqrafik xəritələrə və aerokosmik çəkiliş materiallarına istinad olunaraq müqavilədə qeyd edilmiş sərhəd xətti 1:100000 miqyaslı topoqrafik xəritələr üzərində işlənmiş, müqayisəli təhlil aparılmışdır.
İyunun 17-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində AMEA Naxçıvan Bölməsinin tarixçi alimlərinin iştirakı ilə hazırlanmış materiallara baxış keçirilmiş, müqavilə ilə müəyyənləşdirilmiş sərhədlərin xəritə üzərində dəqiq əks etdirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Baxılıb: 430
