Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKIN YENİLƏNMİŞ ELEKTRON QEYDİYYAT SİSTEMİNİN TƏQDİMATI OLUB

DAŞINMAZ ƏMLAKIN YENİLƏNMİŞ ELEKTRON QEYDİYYAT SİSTEMİNİN TƏQDİMATI OLUB

18.06.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən müasir texnoloji yeniliklərin tətbiqi ilə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Xidmətdə daşınmaz əmlakın qeydiyyatı prosesinin daha da sadələşdirilməsi, bu sahədə operativliyin artırılması üçün bir sıra yeniliklərin tətbiqinə  başlanılıb.

Bu münasibətlə keçirilən tədbirdə Xidmətin rəisi Müslüm Cabbarzadə bildirib ki, həyata keçirilən tədbirlərin davamı kimi daşınmaz əmlakın elektron qeydiyyatı sisteminin proqram təminatı yenilənib, müvafiq funksionallıqlar yaradılıb. Qeydiyyat prosesinin avtomatlaşdırlması məqsədi ilə Daşınmaz əmlakın dövlət reyestri ilə Ümumi Notariat Elektron Məlumat Sistemi, İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi, Hökumət Ödəniş Sistemi arasında elektron əlaqə yaradılıb. Vətəndaşlara müraciətin icrası ilə bağlı SMS xidmətinin göstərilməsi təmin edilib. Xidmətin internet səhifəsində elektron xidmətlər bölməsinə “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın verilməsi” və “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın yoxlanılması” xidmətləri əlavə edilərək Elektron Hökumət Portalına inteqrasiya olunub.

Bildirilib ki, hüquq sahibləri müvafiq xidmətdən istifadə etməklə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışı müəyyən edilmiş müddət ərzində Elektron Hökumət Portalından onlayn qaydada əldə edə bilərlər. Həmçinin vətəndaşlar və aid dövlət orqanları üçün portal vasitəsi ilə çıxarışın qeydiyyat nömrəsini və daşınmaz əmlakın reyestr nömrəsini daxil etməklə onun həqiqiliyini yoxlamaq imkanı yaradılıb.

Qeyd olunub ki, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışlar elektron imza ilə imzalanaraq vətəndaşın Elektron Hökumət Portalındakı kabinetinə yerləşdirilir. Şəxsi kabineti olmayan vətəndaşlar isə Elektron Hökumət Portalından qeydiyyatdan keçdikdən sonra məlumat bazasında saxlanılan elektron çıxarışlar avtomatik olaraq onların şəxsi kabinetlərinə göndərilir.

Elektron imza ilə təsdiq edilmiş çıxarışlar kağız formada tərtib edilən çıxarışlardakı bütün məlumatları özündə əks etdirir və aid olduğu daşınmaz əmlaka dair bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə edilə bilər. Elektron çıxarış sisteminin tətbiqi kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı riskləri aradan qaldırır, ayrı-ayrı dövlət qurumları tərəfindən verilən sorğuların operativ qaydada cavablandırılmasını təmin edir.

Sonra tətbiq edilən yeniliklərlə bağlı Xidmətin Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun çıxışları dinlənilib. Proqram təminatında istifadəyə verilən yeni funksionallıqlar, məlumatların işlənməsi zamanı diqqət edilməli məqamlar, elektron çıxarışın tərtibi ilə bağlı tələblər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, artıq hüquq sahibləri qeydiyyat orqanına gəlmədən elektron informasiya sistemləri vasitəsilə notariat ofislərində daşınmaz əmlakla bağlı müqavilələrin bağlanılması üçün müvafiq məlumatları əldə edə, eyni zamanda, notariat orqanları təsdiq olunmuş müqaviləni real vaxt rejimində qeydiyyat orqanına göndərə bilərlər.

Vətəndaşlar müvafiq xidmətlər üçün tələb olunan dövlət rüsumu və xidmət haqlarını POS-terminallar, ödəmə terminalları vasitəsilə, eləcə də Xidmətin rəsmi internet səhifəsi üzərindən onlayn qaydada ödəyə bilərlər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Baxılıb: 320