DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLİB
30.04.2019
Aprelin 30-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Kollegiya iclasını Komitənin sədri Müslüm Cabbarzadə açaraq “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində Komitə qarşısında duran vəzifələrlə bağlı məruzə edib. Əvvəlki dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu qeyd edən Komitə sədri, yeni Dövlət Proqramı ilə müəyyənləşdirilmiş vəzifələrin yüksək səviyyədə icrası üçün görüləcək işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı müvafiq sərəncamları ilə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlərdən bəhs edən Komitə sədri bildirib ki, qarşıda duran vəzifələrin icrası, yeni ideyaların formalaşdırılması, startapların yaradılması məqsədi ilə tələbələrlə əlaqələrin intensivliyi artırılmalı, nəzəri və təcrübi məşğələlərin keçirilməsi təmin edilməlidir.
Kollegiya iclasında Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun gündəlikdə duran məsələlərlə bağlı çıxışları dinlənilib. Slaydlar vasitəsi ilə görülmüş işlər barədə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.
Kollegiya iclasında işin günün tələbləri səviyyəsində qurulması, vətəndaşların müraciətlərinə operativ baxılması, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.