Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CARİ İLİN İLK ÜÇ AYI ƏRZİNDƏ 1378 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB

CARİ İLİN İLK ÜÇ AYI ƏRZİNDƏ 1378 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB

06.04.2019

    Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi 2019-cu ilin I rübü ərzində də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq 14 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 18 ailə təsərrüfatının həyətyanı təsərrüfat binaları və 12 təsərrüfatın icarəyə götürdüyü torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Naxçıvan şəhərinin Tumbul və Qaraxanbəyli kəndlərində, Şərur rayonunun Kürkəndində, Şahbuz rayonunun Badamlı qəsəbəsində və Babək rayonunun Yuxarı Uzunoba kəndində ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması, əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir. Kürkənd, Kürçülü, Sərxanlı, Qışlaqabbas, Püsyan və Qorçulu bələdiyyələrinin yeni hazırlanmış torpaqların qida maddələri ilə təmin olunma kartoqramları aid bələdiyyələrə təqdim edilmişdir.

    Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması başa çatdırılmış, 65 fərdi yaşayış evinin mülkiyyətçisinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
    Torpaqların elektron uçotunun aparılması məqsədi ilə Babək rayonunda və Şərur rayonunun Aşağı Daşarx, Aşağı Aralıq, Yuxarı Aralıq, Qarxun kəndlərində planaalma işləri başa çatdırılmış, rüb ərzində 5403 daşınmaz əmlak obyekti plana alınmışdır. Naxçıvan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil olan Əliabad qəsəbəsində, 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrində mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanmışdır.
   Babək rayonunun kəndlərində monitorinqlər aparılmış, torpaqlardan qanunsuz istifadəyə dair 120-ə yaxın fakt aradan qaldırılmışdır.
  Cari ilin ilk üç ayı ərzində 1378 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 1053 texniki sənəd hazırlanmışdır. Yeni yaranmış 165 daşınmaz əmlak obyektinə ünvan verilmiş, Naxçıvan şəhəri üzrə 27 küçədə ünvan lövhələrinin və giriş nömrə nişanlarının quraşdırılması başa çatdırılmış, 17 küçədə quraşdırılacaq ünvan lövhələrinin və giriş nömrə nişanlarının miqdarı müəyyənləşdirilmişdir. 195 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır.
    Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 23 yaşayış məntəqəsində 206 vətəndaşın müraciətinə baxılmış, 112 vətəndaşa elektron xidmətlər göstərilmişdir.

Baxılıb: 666