Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - AILƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

AILƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

27.03.2019

    Martın 26-da Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində Naxçıvan şəhərində fəaliyyət göstərən ailə təsərrüfatları ilə maarifləndirici görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açaraq muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən qayğıdan danışıb.
    Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyev ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının mahiyyəti və əsaslarından bəhs edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planında Komitənin qarşısına qoyulmuş vəzifələrin icrası məqsədi ilə ailə təsərrüfatları ilə əlaqə yaradılıb, pasportlaşdırma işinin aparılması üçün müvafiq məlumatlar toplanılıb.

    Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasının üstünlüklərindən bəhs edən Əkbər Əliyev hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsasları ailə təsərrüfatlarına izah edib.Diqqətə çatdırılıb ki, Naxçıvan şəhərində fəaliyyət göstərən ailə təsərrüfatları Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə, Komitənin Naxçıvan Şəhər İdarəsinə və səyyar xidmət qrupuna müraciət etməklə əmlaklarının pasportlaşdırılması və dövlət reyestrində qeydiyyata alınması üçün sənədləşmə işlərini yerinə yetirə bilərlər. Ailə təsərrüfatlarına əmlakları ilə bağlı əməliyyatların aparılması üçün Komitənin elektron xidmətləri barədə də məlumat verilib.
    Komitənin Yerquruluşu, torpaq ehtiyatlarından istifadə və geodeziya, xəritəçəkmə işləri sektorunun müdiri Oqtay Məmmədov ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılmasının əhəmiyyətindən bəhs edib, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
    Sonda müzakirələr aparılıb, ailə təsərrüfatlarını maraqlandıran suallara aydınlıq gətirilib.

Baxılıb: 1244