Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CƏHRİ KƏND SAKİNLƏRİ İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ OLUB

CƏHRİ KƏND SAKİNLƏRİ İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ OLUB

26.01.2019

    Babək rayon Cəhri Kənd Mərkəzində “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda kənd sakinləri ilə maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Nəcəfalı Nəcəfalıyev çıxış edərək keçirilən tədbirin mahiyyəti haqqında məlumat veriblər.
    Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyev çıxışında bildirib ki, hazırda bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Bu sistem muxtar respublika üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi və istifadəsi üzrə kompleks tədbirlər həyata keçirməyə imkan yaradacaq.
    Tədbirdə komitənin Dövlət Yerquruluşu, Geodeziya Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyev torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal xəritələrin tərtib edilməsi üçün ərazilərin plan və xəritələrinin tam, düzgün tərtib olunmasının əhəmiyyətindən danışıb.

    Bildirilib ki, muxtar respublikamızda torpaq islahatı aparılarkən mövcud olan torpaq sahələri dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərinə ayrılaraq əkinəyararlı torpaq sahələrinin əsas hissəsi vətəndaşların mülkiyyətinə verilib. Onlara mülkiyyət hüququnu təsdiq edən sənədlər paylanıb. Bu sənədlərdə vətəndaşlara məxsus torpaq sahələri, döngə nöqtələrinin koordinatları, sahəsi, torpaqların bonitet balı, normativ qiymətləri, qonşu mülkiyyətçilər barədə məlumatlar öz əksini tapıb. Həmin dövrdə bu sahədə mütəxəssislərin çatışmazlığı, müasir elektron taxeometr və GPS alətlərinin muxtar respublikamızda mövcud olmaması nəticəsində ölçü işlərinin aparılması zamanı yanlışlıqlara yol verilib, torpaq sahələrinin faktiki istifadə vəziyyətindəki göstəricilərlə mülkiyyət hüququnu təsdiq edən sənədlərdə mövcud olan məlumatlar arasında uyğunsuzluqlar yaranıb. Məhz bu problemləri aradan qaldırmaq, torpaqlardan düzgün və səmərəli istifadəni təmin etmək məqsədilə 2016-cı il aprelin 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalanıb.
Fərmanın icrası məqsədilə komitənin Dövlət Yerquruluşu, Geodeziya Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssislərindən ibarət qruplar yaradılıb, təsdiq olunmuş tədbirlər planına uyğun ən müasir geodeziya alətləri ilə planaalma işlərinə başlanılıb. İndiyədək ətraf yaşayış məntəqələri ilə birlikdə Naxçıvan şəhərinin ərazisində, Şərur rayonunun 51 kəndində, Babək rayonunun isə Cəhri kəndi istisna olmaqla, digər ərazi vahidlərində planaalma işləri başa çatdırılıb. Bu gündən etibarən Cəhri kəndində də planaalma işlərinə başlanılır. Hazırda bu işləri həyata keçirmək üçün təcrübəli mütəxəssislərdən, ən yüksək dəqiqlikli alətlərdən istifadə olunur. Bütün bunlarla yanaşı, yerlərdə vətəndaşların və məsul şəxslərin sərhədləri məlum olmayan torpaq sahələrinin döngə nöqtələrinin yeri və həmin ərazinin kimə məxsus olması haqqında verdikləri məlumatların dəqiqliyi də vacib şərtlərdən biridir.
    Tədbirin sonunda kənd sakinlərinin sualları cavablandırılıb.

Baxılıb: 716