Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - HANSI HALLARDA MƏNZİLİN LAYİHƏSİNİN DƏYİŞDİRİLMƏSİNƏ İCAZƏ VERİLMİR?

HANSI HALLARDA MƏNZİLİN LAYİHƏSİNİN DƏYİŞDİRİLMƏSİNƏ İCAZƏ VERİLMİR?

30.06.2020

Bu hallar Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 25-ci maddəsində (Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina) əksini tapıb. Həmin maddəyə əsasən, mənzilin yenidən planlaşdırılmasına aşağıdakı hallarda icazə verilmir:

- icazə üçün tələb olunan sənədlər təqdim edilmədikdə;

- mənzilin yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya, texniki norma və qaydalara uyğun olmadıqda;

- mənzilin yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin buna yazılı razılıq verdiyi hallar istisna olmaqla);

- mənzilin yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa;

- mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda, belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda.

Yerli icra hakimiyəti orqanı mənzilin yenidən planlaşdırılması ilə bağlı muraciətə imtina cavabı verdikdə, həmin qərarını hökmən yuxarıda göstərilən səbəblərdən biri ilə əsaslandırmalı və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməlidir. Bu barədə qərar qəbul edildikdən 3 gün ərzində ərizəçiyə təqdim edilir və ya göndərilir. Ərizəçi həmin qərardan məhkəmə qaydasında şikayət edə bilər.

Baxılıb: 474