KOMİTƏNİN KOLLEKTİVİ XATİRƏ MUZEYİNDƏ OLUB
26.11.2018
Noyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri Naxçıvan şəhərindəki Xatirə Muzeyini ziyarət ediblər.
Tanışlıq zamanı məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1997-ci ildə yaradılıb, 2000-ci ilədək Şəhidlər Muzeyi adı ilə fəaliyyət göstərib. Muzey 8 avqust 2000-ci ildən etibarən Xatirə Muzeyi adlanır.
Bildirilib ki, muzeyin ekspozisiyasında xalqımıza qarşı törədilən qırğınlara və baş verən etnik qarşıdurmalara ilk hüquqi qiymətin verilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan sənədlərin surətləri, eləcə də xalqımızın başına gətirilən faciələri əks etdirən materiallar və fotoşəkillər nümayiş olunur. 1918-1920-ci illərdə Naxçıvanda ermənilərin törətdikləri qanlı cinayətlər, 1941-1945-ci illər müharibəsinin Naxçıvandan olan iştirakçıları, ən yeni tariximizdə baş vermiş 20 Yanvar, Xocalı soyqırımı hadisələri haqqında eksponatlar bu tarixi dövrlər haqqında ətraflı məlumatlar verir.
Komitənin və Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun əməkdaşları muzeydə ölkəmizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar və digər tarixi eksponatlarla tanış olublar.
Baxılıb: 675