Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KOMİTƏNİN HAMİLİYİNƏ VERİLMİŞ İXTİSASLARDA TƏHSİL ALAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

KOMİTƏNİN HAMİLİYİNƏ VERİLMİŞ İXTİSASLARDA TƏHSİL ALAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

 17.10.2018

    Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetində Komitənin hamiliyinə verilmiş Torpaqşünaslıq və aqrokimya, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisaslarının tələbələri ilə görüşüb. Tədbiri giriş sözü ilə universitetin rektoru Saleh Məhərrəmov açaraq ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin əhəmiyyətindən danışıb.
    Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikasında dövlət torpaq idarəçiliyi sahəsində keçilmiş yol və qarşıda duran vəzifələrdən bəhs edərək bildirib ki, kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edən torpaq islahatının əsası 1992-ci ildə, ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulub. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə Culfa rayonunun Şurud və Gal kəndlərində torpaq islahatı aparılıb. 2000-ci ilin sonlarında başa çatdırılmış torpaq islahatı nəticəsində muxtar respublikada 70 min 598 ailə aqrar islahatlardan bəhrələnərək torpaq mülkiyyətçisinə çevrilib ki, bu da muxtar respublika əhalisinin ərzaq və digər zəruri kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəlməsinə gətirib çıxarıb.

  Bildirilib ki, torpaq islahatından sonrakı mərhələdə kənd təsərrüfatının dinamik inkişafını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları ilə müvafiq dövlət proqramları qəbul edilib, torpaqlardan səmərəli istifadə və torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib. Həyata keçirilən tədbirlər aqrar bölmənin inkişafında ciddi dönüş yaradıb, müvafiq sahələr üzrə yüksək inkişaf göstəricilərinə nail olunub. Aparılmış sistemli bərpa tədbirləri nəticəsində son 22 ildə minlərlə hektar yararsız torpaq sahəsi abadlaşdırılaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, əkin sahələri 2,2 dəfə, bağlar 4,1 dəfə artıb.
    Torpaqlardan səmərəli istifadə olunması və bol məhsul istehsalının təmin edilməsi üçün müasir meliorasiya və irriqasiya sistemlərinin və rentabelli suvarma şəbəkələrinin qurulması davamlı xarakter alıb. Meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsinə göstərilən dövlət qayğısı, torpaqların münbitliyinin qorunması və yüksəldilməsi tədbirləri sayəsində az məhsuldar və istifadəsiz torpaqlar da əkin dövriyyəsinə cəlb edilib.
Qeyd olunub ki, muxtar respublikamızda torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilib, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılıb. Göstərilən dövlət qayğısının nəticəsi olaraq Komitənin inzibati binası yenidən qurulub, Komitə əməkdaşları üçün yüksək səviyyədə iş şəraiti yaradılıb.
    Vurğulanıb ki, torpaqların elektron uçotunu aparmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanına uyğun olaraq torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işlərinə başlanılıb.
    Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və aqrokimya, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisasları Komitənin hamiliyinə verilib. Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrə Komitənin əməkdaşları tərəfindən dərs ili ərzində mühazirələrin oxunması davam etdirilib. Həmçinin, Naxçıvan Dövlət Universitetinin Coğrafiya ixtisasında təhsil alan tələbələrə Komitənin bazasında praktiki məşğələlər keçirilib. Hamiliyə götürülmüş ixtisaslarda təhsil alan 3 tələbə yay tətili müddətində 3 aylıq əmək müqaviləsi bağlamaqla Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunda işlə təmin edilib.
    Sonra “Torpaq müqəddəs sərvətimizdir” adlı filmə baxılıb.
    Tədbirin sonunda Komitənin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə dərsliklər, dərs vəsaitləri, elektron dərsliklər, müxtəlif məzmunlu xəritə materialları və Komitənin “Əmlak” informasiya bülleteninin nüsxələri hədiyyə olunub.

Baxılıb: 710