BEŞİNCİ ÇAĞIRIŞ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏKKİZİNCİ SESSİYASINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB
19.07.2018
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən tədbiri komitənin sədri Müslüm Cabbarzadə açaraq məruzə edib. Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrasının təmin edilməsi məqsədilə Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələrində, Şərur rayonunun bir neçə kənd yaşayış məntəqəsində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikasında ümumi və suvarılan torpaqların torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında bölüşdürülməsi və torpaqlardan istifadə olunmasına dair 1 yanvar 2018-ci il tarixə torpaq balansı tərtib edilərək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 21 fevral 2018-ci il tarixli qərarı ilə təsdiq edilib. 6 ay ərzində 11 sifarişçi təşkilatın müraciəti əsasında 20-dən artıq müxtəlifməzmunlu xəritə, plan və sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Diqqətə çatdırılıb ki, ilin ilk 6 ayında muxtar respublika üzrə 1213 torpaq sahəsi, 20 qeyri-yaşayış binası, 35 qeyri-yaşayış sahəsi, 468 mənzil, 993 fərdi yaşayış evi, 10 əmlak kompleksi kimi müəssisə olmaqla, cəmi 2739 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 12,6 artıb. Hesabat dövrü ərzində hüquqların yüklülüyü haqqında daşınmaz əmlakın dövlət reyestrindən 240 çıxarış hazırlanıb,146 əmlaka dair yüklülükdən azad olunma, 6 əmlak üzərində hüquqların məhdudlaşdırılması, 1 əmlak üzərində hüquqların məhdudlaşdırılmasının ləğvi əməliyyatı aparılıb. Yüklülüyə dair 2029 arayış verilib, 148 sorğuməktub cavablandırılıb. Vətəndaşın adına daşınmaz əmlakın olub-olmamasına dair 841 arayış hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Müslüm Cabbarzadə bəhs olunan dövrdə daxil olmuş müraciətlər əsasında 2020 texniki sənəd hazırlandığını bildirib.
Vurğulanıb ki, 2018-ci ilin I yarımili ərzində muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 350 daşınmaz əmlak obyektinə ünvan verilib, 96 daşınmaz əmlak obyektinin ünvanında müvafiq dəqiqləşmə aparılaraq düzəliş edilib, 53 ünvan arayışı hazırlanaraq vətəndaşlara təqdim edilib.
Tədbirdə məruzə ətrafında çıxışlar dinlənilib.