Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DÜDƏNGƏ KƏNDİNDƏ VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

DÜDƏNGƏ KƏNDİNDƏ VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

13.07.2018

    Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi davam etdirilir. Səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması üçün sənədlərin qəbulu aparılır.

    İyulun 12-də Komitənin səyyar xidmət qrupu Şərur rayonunun Düdəngə kəndində olub. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün 3, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 4, məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi üçün 5, ümumilikdə 12 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib.
Qəbul edilmiş sənədlər Komitənin Şərur Rayon İdarəsi tərəfindən elektron sistemə daxil edilib. Texniki sənədlərin hazırlanması üçün ən müasir geodeziya-ölçü avadanlıqları vasitəsilə torpaq sahələrinin ölçüləri dəqiqləşdirilib.
    Məlumat üçün bildiririk ki, 2018-ci ilin birinci yarımili ərzində Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 45 yaşayış məntəqəsində 432 vətəndaşın müraciəti qəbul edilib və müvafiq qaydada icra olunub. Mülkiyyət sənədləri hazırlanaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə vətəndaşlara çatdırılıb.

Baxılıb: 669