NAXÇIVANDA BİZNES ÜÇÜN YENİ İMKAN: QEYRİ-YAŞAYIŞ SAHƏLƏRİ HƏRRACA ÇIXARILACAQ
14.06.2024
İyulun 18-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hərrac keçiriləcək. Hərracda muxtar respublikanın 6 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəllik salonu, bərbərxana, dərzi sexi, ət mağazası) daha 13 qeyri-yaşayış sahəsi satışa çıxarılacaq. Əmlakların start satış qiymətləri müstəqil qiymətləndirici tərəfindən 1350-4600 manat aralığında müəyyənləşdirilib.
Alıcı kimi iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edərək qeydiyyatdan keçə, əmlakın ilkin hərrac qiymətinin 10%-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər.
Maraqlananlar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet və sosial media hesabları vasitəsi ilə hərraca çıxarılan qeyri-yaşayış sahələrinin və hərracda iştirakla bağlı tələb olunan sənədlərin tam siyahısı ilə tanış ola, hərrac prosedurları ilə bağlı əlavə məlumat əldə edə bilərlər.
Baxılıb: 158