NAXÇIVANIN TÜRKİYƏ İLƏ “SƏRHƏDYANI TİCARƏT” İMKANLARI MÜZAKİRƏ OLUNUB
19.03.2024
Martın 19-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliynin təşəbbüsü, Nazirliyin Türkiyədəki Ticarət Nümayəndəliyinin əlaqələndirilməsi ilə “Sərhəd ticarəti” mexanizmi mövzusunda onlayn formatda görüş keçirilib.
Türkiyə Respublikasının Ticarət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının rəhbərlərinin və əməkdaşlarının iştirak etdiyi görüşdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının Türkiyə Respublikasına sərhəd ticarəti çərçivəsində ixracı imkanları müzakirə olunub.
Görüşdə Türkiyə Respublikası Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin direktoru Ali Kılıçkaya, Azərbaycan Respublikasının Türkiyə Respublikasında Ticarət nümayəndəsi Tamerlan Tağıyev və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Azərbaycan və Türkiyə Respublikaları arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılmasında sərhədyanı ticarətin yarada biləcəyi imkanlar və digər önəmli məsələlər ətrafında çıxış ediblər.
Çıxış edənlər bundan sonra da sərhədyanı ticarətlə bağlı müzakirələrin davam ediləcəyini və istehsal olunan məhsulların qardaş ölkədə tanıdılması məqsədilə konkret addımların atılmasının vacibliyini vurğulayıblar.
Görüşdə Türkiyə Respublikası Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin nümayəndəsi sərhədyanı ticarətlə bağlı geniş təqdimatla çıxış edib və çoxsaylı sualları cavablandırıb.
Baxılıb: 154