Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ƏKİN SAHƏLƏRİNİN YANDIRILMASI İNZİBATİ MƏSULİYYƏT YARADIR

ƏKİN SAHƏLƏRİNİN YANDIRILMASI İNZİBATİ MƏSULİYYƏT YARADIR

02.08.2019

   Muxtar respublikamızda kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır, mütəmadi monitorinqlər aparılır.  

   Müşahidələr göstərir ki, bəzi hallarda məhsul yığımından sonra təsərrüfat sahibləri tərəfindən əkin sahələri yandırılır. Bu isə torpaqların münbitliyinin itirilməsi ilə yanaşı, ərazinin ekoloji vəziyyətinə də ciddi zərər vurur. Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür.  Sahələrin yandırılması həm də inzibati məsuliyyət yaradır.

  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244-1 maddəsinə əsasən əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin ikinci hissəsində isə qeyd edilir ki, əkin yerinin yandırılması qadağandır.

   Qeyd edilənləri nəzərə alaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bol və keyfiyyətli məhsul istehsalı üçün torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməli, təsərrüfat fəaliyyətlərində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməməlidirlər.

   İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak  və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və ya Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən baxılır.

Baxılıb: 1346