Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KOMİTƏ ƏMƏKDAŞLARI ÜÇÜN QISAMÜDDƏTLİ TƏLİM TƏŞKİL EDİLİB

KOMİTƏ ƏMƏKDAŞLARI ÜÇÜN QISAMÜDDƏTLİ TƏLİM TƏŞKİL EDİLİB

29.06.2019

  Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində “Torpaqların idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti” mövzusunda təlim keçirilib.
  Təlimdə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin rayon, şəhər idarələrinin əməkdaşları iştirak edib.
  Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə bildirib ki, komitənin bəzi rayon və şəhər idarələrində torpaqların idarə edilməsi ilə bağlı nöqsanlar aşkar edilib. Təlimin keçirilməsində məqsəd bu sahədə çatışmazlıqları aradan qaldırmaq, əməkdaşların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
  Təlimdə komitənin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyev, Yerquruluşu, torpaq ehtiyatından istifadə və geodeziya, xəritəçəkmə işləri sektorunun müdiri Oqtay Məmmədov, Torpaq kadastr və qeydiyyat sektorunun aparıcı məsləhətçisi Samir Əkbərov mövzu ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur.

  Özbaşına tutulmuş torpaq sahələrindən qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaq qanunvericiliyini pozan vəzifəli, fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub.
  Təlimdə iştirakçılara torpaqların idarə edilməsinin əsasları, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması qaydaları slaydlar vasitəsi ilə izah olunub.

Baxılıb: 2175