CƏLİL MƏMMƏDQULUZADƏNİN EV MUZEYİ ZİYARƏT OLUNUB
27.05.2019
Mayın 25-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri görkəmli ədib Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev muzeyini ziyarət ediblər.
Tanışlıq zamanı məlumat verilib ki, dahi yazıçının həm paytaxt Bakıda, həm də doğulub boya-başa çatdığı Naxçıvan şəhərində ev-muzeyləri, vaxtilə müəllimlik etdiyi Nehrəm kəndində və Cəlilkənddə xatirə muzeyləri fəaliyyət göstərir. Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olub.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Cəlil Məmmədquluzadə irsinə, onun əsərlərinin tədqiqi və nəşrinə, eləcə də adının əbədiləşdirilməsinə böyük diqqət və qayğı göstərirdi. Məhz Ümummilli Liderin hakimiyyəti illərində yazıçı haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib, yubileyləri təntənəli şəkildə qeyd edilib.
Bildirilib ki, muzeydə böyük ədibin həyat və yaradıcılığına aid 2 mindən artıq eksponat mühafizə olunur. Muzeydə nümayiş olunan görkəmli yazıçıya və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən Cəlil Məmmədquluzadənin əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid sənədlər və digər qiymətli eksponatlar Komitənin əməkdaşları tərəfindən maraqla izlənilib.