ORDUBAD RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
18.03.2022
Ordubad rayonunun Vənənd kənd mərkəzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun, eləcə də Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə maarifləndirici seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı İlkin Həsənov açaraq muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından, rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsinin, eləcə də ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, meyvə və tərəvəzlərin eyni zamanda bostan məhsullarının qurudulması, qablaşdırılması və etiketlənməsi, habelə necə realizə olunması, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatçılarının kiçik sahibkarlıq subyektlərinə çevrilmələri barədə təsərrüfat sahiblərinə geniş məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.
Baxılıb: 272