DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏT MƏRKƏZİNDƏDİR
23.05.2018
Muxtar respublikada torpaqların elektron uçotunun aparılması, torpaq sahələrindən səmərəli istifadənin təmin edilməsi, vətəndaşların daşınmaz əmlak üzərindəki hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi bu ilin aprel ayı ərzində də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır.
“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrasının təmin edilməsi, torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi məqsədilə ay ərzində Naxçıvan şəhərinin Tumbul və Hacıniyyət kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmış, Şərur rayonunun Cəlilkənd və Danyeri, Babək rayonunun Zeynəddin kəndlərində planaalma işləri davam etdirilmiş, 1170 daşınmaz əmlak obyekti plana alınmışdır.
Şərur rayonunun Zeyvə, Düdəngə, Cəlilkənd, Sərxanlı və Mahmudkənd bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır. Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq, Keçili və Yuxarı Qışlaq bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritələri hazırlanmış, bu xəritələrin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılmış və uçotu aparılmışdır.
Muxtar respublikanın torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti daim nəzarətdə saxlanılmış, aşkarlanmış qanunsuz istifadə faktları aktlaşdırılmış, belə halların aradan qaldırılması və qanunsuz tikililərin sökülərək torpaqların əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlər görülmüşdür. Aprel ayında muxtar respublika üzrə 228 torpaq sahəsi olmaqla, cəmi 498 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 59 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. 67 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır.
Vətəndaşlara səyyar xidmətin göstərilməsi davam etdirilmiş, ay ərzində muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 45 vətəndaşın müraciətinə baxılmışdır.