Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARIN RƏQƏMSAL KADASTR XƏRİTƏSİNİN TƏRTİB OLUNMASI MÜHÜM ƏHƏMİYYƏTƏ MALİKDİR

TORPAQLARIN RƏQƏMSAL KADASTR XƏRİTƏSİNİN TƏRTİB OLUNMASI MÜHÜM ƏHƏMİYYƏTƏ MALİKDİR

28.04.2018

    Şərur Rayon İcra Hakimiyyətində “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. 
Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açaraq rayonda bu sahədə görülən işlərdən danışıb.
    Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib.
    Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elekron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Bu fərmana əsasən 2020-ci ilədək muxtar respublikada dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılacaq və rəqəmsal kadastr xəritəsi tərtib ediləcək.

    Bildirilib ki, dövlət orqanları tərəfindən aparılan sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə ­aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadə vəziyyətinin müəyyən olunması məqsədilə aparılan monitorinqlərin nəticələri barədə məlumatlar həmin sistemə daxil ediləcək. Sistemdə muxtar respublikanın bütün yaşayış məntəqələri üzrə daşınmaz əmlak obyektləri barədə məlumatlar, torpağın sahəsi və ölçüləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, təyinatı, üzərindəki tikilini xarakterizə edən göstəricilər əks olunacaq. 

    Müslüm Cabbarzadə onu da qeyd edib ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi bağların yerləşdiyi torpaqların və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar aradan qaldırılacaq, kadastr xəritələri ilə bağlı problemlər həllini tapacaqdır.
    Komitə sədri yeni informasiya sisteminin muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı işinin sadələşməsini təmin edəcəyini də diqqətə çatdırıb. Bütün bunlar torpaq sahəsinə dair texniki sənədlərin elektron sistem vasitəsilə verilməsinə, əmlak bankı­nın təkmilləşməsinə və digər mühüm məsələlərin həllinə səbəb olacaqdır.
    Qeyd olunub ki, muxtar respublikanın bir neçə kənd və qəsəbələrində həyətyanı torpaq sahələrinin elektron taxeometr vasitəsilə planlama işləri başa çatıb. Ümumilikdə, muxtar respublika üzrə 25 mindən artıq daşınmaz əmlak obyekti plana alınıb. O cümlədən Şərur rayonu üzrə Mahmudkənddə 1078, Tumaslı kəndində 478, Yengicə kəndində 1242, Təzəkənddə 84, Diyadin kəndində 134, Zeyvə və Düdəngə kəndlərində 1776 daşınmaz əmlak obyekti plana alınıb. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyev və institutun Yerquruluşu şöbəsinin rəisi Zülfüqar Bayramov məruzə ətrafında çıxış ediblər.

Baxılıb: 633