Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli 196-V FR nömrəli Fərmanı ilə yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin təmin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

X Ə B Ə R L Ə R

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli 196-V FR nömrəli Fərmanı ilə yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin təmin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

“Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli 196-V FR nömrəli Fərmanı ilə yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin təmin edilməsi haqqında

 NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

4. “Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin strukturu” təsdiq edilsin (əlavə olunur).

5. “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin strukturu” təsdiq edilsin (əlavə olunur).

6. “Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin strukturu” təsdiq edilsin (əlavə olunur).

7. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının işçilərinin say həddi 60 və strukturuna daxil olan qurumlarının işçilərinin say həddi 193 ştat vahidi, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Aparatının işçilərinin say həddi 51 və strukturuna daxil olan qurumlarının işçilərinin say həddi 47 ştat vahidi, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparatının işçilərinin say həddi 84 ştat vahidi müəyyən edilsin.

8. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                    Vasif TALIBOV

 

Naxçıvan şəhəri, 17 iyun 2020-ci il

№ 23-VI FR

_

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və

Torpaq Məsələləri üzrə Dövlət Xidməti haqqında

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın dövlət kadastrının aparılması (daşınmaz dövlət əmlakı istisna olmaqla), ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya və xəritəçəkmə, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştampa və blanka malikdir.

1.5. Xidmətin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Xidmət Naxçıvan şəhərində yerləşir.

2. Xidmətin fəaliyyət istiqamətləri

2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

2.0.2. müvafiq sahənin inkişafını təmin edir;

2.0.3. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir, onlara dair rəy və təkliflər verir;

2.0.4. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirir;

2.0.5. daşınmaz əmlakın dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir;

2.0.6. dövlət mənzil fondunun özəlləşdirilməsini həyata keçirir;

2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirir, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin edir;

2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin inventarlaşdırılmasını aparır, texniki sənədlərin, torpaq sahələrinin planı və ölçüsünü tərtib edir;

2.0.9. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir;

2.0.10. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu, geodeziya və xəritəçəkmə işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirir, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;

2.0.11. torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli məqsədilə yerquruluşu işlərini təşkil edir və həyata keçirir;

2.0.12. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın dövlət kadastrının və torpaq kadastrının, yerquruluşu işlərinin aparılması üçün geodeziya işlərini yerinə yetirir və bu sahədə dövlət nəzarətini həyata keçirir;

2.0.13. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirir və xəritələrini hazırlayır;

2.0.14. bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində hazırlanmış xəritələrini, habelə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı aidiyyəti üzrə təqdim edir;

2.0.15. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Xidmətin vəzifələri

3.0. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

3.0.2. müvafiq sahədə dövlət proqramlarının həyata keçirilməsini təmin etmək;

3.0.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək;

3.0.4. daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək (dövlət müəssisə və obyektləri istisna olmaqla) və bu sahədə nəzarəti həyata keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində qiymətləndiricilərin fəaliyyətinə nəzarət etmək;

3.0.5. kadastr uçotuna alınması məqsədi ilə daşınmaz əmlakın kütləvi inventarlaşdırılmasını və qiymətləndirilməsini həyata keçirmək;

3.0.6. vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək;

3.0.7. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

3.0.8. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək;

3.0.9. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların daşınmaz əmlakın dövlət reyestrində, dövlət torpaq kadastrında və onun tərkib hissəsi olan torpaq reyestrində elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq;

3.0.10. dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədilə geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı işlərini həyata keçirmək, müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil etmək;

3.0.11. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

3.0.12. daşınmaz əmlakın dövlət kadastrının aparılması məqsədi ilə monitorinq işlərini yerinə yetirmək;

3.0.13. dövlət reyestrinə daxil edilmiş daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri üzrə məlumat bankının yaradılmasını təmin etmək;

3.0.14. daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumatı sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək;

3.0.15. dövlət mənzil fondu obyektlərinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək;

3.0.16. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini aparmaq, mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və qanunvericiliyə uyğun olaraq akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;

3.0.17. ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək;

3.0.18. ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab edilən nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələri hazırlamaq və daşınmaz əmlak obyektlərində yerləşdirmək;

3.0.19. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;

3.0.20. dövlət qeydiyyatına (patent) alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya işlərini müvəqqəti dayandırmaq, qanunvericiliyin tələblərinə uyğun gəlməyən işlərin dayandırılması barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) qaldırmaq;

3.0.21. muxtar respublika ərazisində aparılan geodeziya və kartoqrafiya işlərinin nəticələri və kartoqrafiya təminatı haqqında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumatlar vermək;

3.0.22. torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlamaq;

3.0.23. mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərini dəqiqləşdirmək, torpaq sahələrində baş verən dəyişiklikləri vaxtında aşkara çıxarmaq və qiymətləndirmək, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədi ilə tədqiqat və monitorinq aparmaq;

3.0.24. sahəvi kadastrların məlumatlarını daşınmaz əmlakın dövlət kadastrına daxil etmək, daşınmaz əmlakın ayrı-ayrı növləri üzrə sahəvi kadastr aparan dövlət orqanları ilə işləri əlaqələndirmək, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya işləri nəticəsində əldə olunan məlumatların və sənədlərin saxlanılmasını və istifadəsini təmin edən tədbirləri həyata keçirmək;

3.0.25. daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın dövlət kadastrının, dövlət torpaq kadastrının elektron variantda aparılmasını təmin etmək;

3.0.26. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, daşınmaz əmlakın dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrası və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək;

3.0.27. dövlət mülkiyyətində olan (dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna olmaqla) torpaqların icarəyə və istifadəyə verilməsinə rəy vermək;

3.0.28. qanunvericiliyə uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək;

3.0.29. bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy vermək;

3.0.30. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək;

3.0.31. bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində hazırlanmış xəritələrini, habelə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı aidiyyəti üzrə təqdim etmək;

3.0.32. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna edilməklə) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;

3.0.33. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə baxmaq və aidiyyəti orqanlarla razılaşdırılmış təklifləri əsaslandırmaqla Naxçıvan Muxtar Respublikasının  Nazirlər Kabinetinə təqdim etmək;

3.0.34. yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidləri arasında uzunmüddətli istifadə üçün bölüşdürülməsi barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

3.0.35. bələdiyyə mülkiyyətinə torpaq alınması barədə vəsatətlərə baxmaq və aidiyyəti orqanlarla razılaşdırılmış təklifləri əsaslandırmaqla Naxçıvan Muxtar Respublikasının  Nazirlər Kabinetinə təqdim etmək;

3.0.36. torpaqların şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin qorunması layihələrinin tərtibində və həyata keçirilməsində iştirak etmək, dövlət torpaq kadastrının aparılması ilə bağlı həmin layihələrin yerinə yetirilməsinə nəzarət etmək;

3.0.37. torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması ilə əlaqədar olaraq kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə təkliflərin verilməsində iştirak etmək;

3.0.38. təsərrüfat fəaliyyətinin torpaq üçün zərərli nəticələrinin təhlil edilməsində, torpaqda baş verən hər hansı mənfi proseslərin əmələ gəlməsinin öncədən müəyyənləşdirilməsində və onlara qarşı mübarizə tədbirlərinin hazırlanmasında digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək;

3.0.39. hər il 1 yanvar vəziyyətinə əvvəlki il üçün torpaq fondunun növlərinə, torpaqların rekultivasiyasına, mülkiyyətçilər və istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə (bonitirovka, iqtisadi qiymətləndirmə) dair hesabatları aidiyyəti üzrə təqdim etmək;

3.0.40. kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirmək, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə və torpaqlardan səmərəli istifadə olunmasını və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflər hazırlamaq;

3.0.41. torpaqların zonalaşdırılması barədə təkliflər vermək;

3.0.42. münbitlik xassələrini və keyfiyyətini itirmiş, çirklənmiş, yararsız hala düşmüş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına (konservasiyasına) dair təkliflər verilməsində, torpaqların münbitliyinin bərpası, artırılması və onların mühafizəsi üzrə investisiya proqramlarının ekspertizasının həyata keçirilməsində, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi barədə təkliflər verilməsində iştirak etmək;

3.0.43. torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət ekspertizasını aparmaq, şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlarına və baş planlara müvafiq rəy vermək;

3.0.44. dövlət torpaq kadastrının aparılması və yerquruluşu işlərinin həyata keçirilməsi ilə bağlı layihə-axtarış və təcrübi-eksperimental işlərin aparılmasını təşkil etmək;

3.0.45. torpaq bazarını təşkil etmək, torpaq bazarında qiymətləri əqdlərin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, hüquqi statusundan, rejimindən, torpaqların normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşdırmaq, torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ etmək, torpaq bazarını tənzimləyən rəsmi məlumatların müntəzəm toplanılmasını, xüsusi bülletenlər və kütləvi informasiya vasitələri ilə açıqlanmasını təmin etmək;

3.0.46. torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat, axtarış işlərində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində tədbirlər görmək;

3.0.47. topogeodeziya, kartoqrafiya, kadastr plan və xəritələrinin tərtibini, yeniləşdirilməsini və təminatı işlərini həyata keçirmək, onlardan istifadə etmək, fəaliyyət istiqamətləri üzrə plan və xəritələri hazırlamaq;

3.0.48. dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılmasını, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək;

3.0.49. dövlət topoqrafik xəritələrin və planların hazırlanmasını, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən peyk geodeziya və qravimetrik şəbəkələrin yaradılmasını və işçi vəziyyətində saxlanmasını təmin etmək;

3.0.50. dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə və elmi-tədqiqat məsələlərinin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafikli, rəqəmli, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək;

3.0.51. Naxçıvan Muxtar Respublikasının ərazisində baş verən dəyişikliklərə uyğun olaraq, topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişikliklərin yeni nəşr olunan xəritələrdə əks etdirilməsini təmin etmək;

3.0.52. coğrafi obyektlərin mövcud və yeni verilən adlarını qeydiyyata almaqla onların uçotunu aparmaq, həmçinin rəqəmli kartoqrafiya məlumatı bankları, elektron xəritələr, geodeziya məlumatları və coğrafi adlar üzrə kataloqları yaratmaq;

3.0.53. yerquruluşu və kadastr məqsədləri üçün daimi fəaliyyət göstərən geodeziya istinad stansiyaları şəbəkəsinin yaradılmasını, istismarını təşkil etmək və şəbəkə xidmətinin fasiləsizliyini təmin etmək;

3.0.54. dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanlarının yerlərinin dəyişdirilməsinə, yenidən qurulmasına və yenilərinin quraşdırılmasına razılıq vermək;

3.0.55. müdafiə və təhlükəsizliyi təmin edən geodeziya, topoqrafiya, kartoqrafiya, hidroqrafiya və digər işlərdə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə isə delimitasiya, demarkasiya və redemarkasiya işlərində iştirak etmək;

3.0.56. müasir geodeziya alətlərinin və cihazlarının tətbiqi üçün şərait yaratmaq və tədbirlər görmək;

3.0.57. vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və digər yaşayış məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planaalmasını, habelə ərazi vahidlərinin ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda tərtib edilməsini həyata keçirmək;

3.0.58. vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək;

3.0.59. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək;

3.0.60. Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədləri daxilində elektron kadastr uçotu işlərini aparmaq;

3.0.61. dövlət ehtiyat fondu torpaqlarının istifadə vəziyyətiniyerquruluşu, kadastr tədqiqatları ilə öyrənmək və onlardan səmərəli istifadəyə dair təkliflər hazırlamaq;

3.0.62. torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaqların hüquqi rejiminə, kateqoriyasına və məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət etmək;

3.0.63. torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;

3.0.64. müəyyən edilmiş qaydada razılaşdırılmaqla aerofotoplanaalma işlərini həyata keçirmək;

3.0.65. müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, inzibati tənbeh tədbirləri tətbiq etmək;

3.0.66. fəaliyyət istiqamətləri üzrə dövlət rüsumlarının məbləği və xidmət haqlarının tarifləri barədə aidiyyəti üzrə təkliflər vermək, müvafiq sahələrdə göstəricilərin ümumiləşdirilməsini təmin etmək, statistikasını aparmaq, məlumat bankını yaratmaq;

3.0.67. müvafiq sahədə işlərin maliyyələşdirilməsinə dair təkliflər hazırlamaq, büdcədən ayrılan vəsait əsasında dövlət sifarişlərini həyata keçirmək, ayrılan büdcə vəsaitindən, göstərdiyi xidmətlərə görə xidmət haqları üzrə daxilolmalardan, kreditlərdən və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını, habelə ödənilən dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsini təmin etmək;

3.0.68. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək, habelə konfransların, seminarların, treninq kurslarının keçirilməsini təşkil etmək;

3.0.69. torpaq qanunvericiliyinin pozulması ilə əlaqədar torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, habelə digər fiziki və hüquqi şəxslərin vurduqları ziyanın ödənilməsindən imtina edildikdə məhkəmə qarşısında iddia qaldırmaq;

3.0.70. qanunla müəyyən edilmiş əsaslar olduqda, mülkiyyətə, istifadəyə və icarəyə verilmiş torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi üçün tədbirlər görmək;

3.0.71. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.72. Xidmətnin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

3.0.73. qanunvericiliyə uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üzrə zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.74. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.75. Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.76. Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görmək;

3.0.77. Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.0.78. fəaliyyətinin nəticələri barədə aidiyyəti üzrə hesabat təqdim etmək;

3.0.79. qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

4. Xidmətin hüquqları

4.0. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. müvafiq sahəni tənzimləyən qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

4.0.2. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.3. fəaliyyət istiqamətləri üzrə monitorinqlər və müşahidələr aparmaq, monitorinqlər və müşahidələr zamanı qanun pozuntuları aşkar edildikdə hüquq-mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;

4.0.4. Naxçıvan Muxtar Respublikasında sahəvi kadastrları tərtib edən və aparan digər dövlət orqanları ilə əməkdaşlıq etmək və məlumat mübadiləsi həyata keçirmək;

4.0.5. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

4.0.6. torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirmək;

4.0.7. aerofotoplanaalma işlərinin nəticələri olan məlumatlardan istifadə etmək;

4.0.8. torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ və ya məhkəmə qarşısında iddia qaldırmaq;

4.0.09. torpaq istifadəçiləri tərəfindən torpaq qanunvericiliyinin tələbləri müntəzəm olaraq pozulduqda, ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edilmədikdə və ya qanunvericiliklə müəyyən edilmiş digər hallarda, həmin sahənin torpaq istifadəçisindən geri alınması barədə tədbirlər görmək, rayon, şəhər icra hakimiyyəti orqanı və ya bələdiyyə qarşısında vəsatət qaldırmaq, məhkəmədə iddiaçı qismində çıxış etmək;

4.0.10. torpaq sahələrinin istifadəyə verilməsi barədə vəsatət vermək;

4.0.11. fəaliyyət istiqamətləri üzrə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənmək;

4.0.12. strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;

4.0.13. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;

4.0.14. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər, məsləhətlər və izahlar vermək;

4.0.15. müqavilələr bağlamaq, fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitdən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;

4.0.16. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;       

4.0.17. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək;                                                             

4.0.18. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. Xidmətin fəaliyyətinin təşkili

5.1. Xidmətin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Xidmətin sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Xidmətin strukturu, Xidmətin aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say tərkibi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilir.

5.3. Xidmətin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Xidmətin rəisinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Xidmət rəisinin müavinləri onlara bu Əsasnamə ilə həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Xidmətin rəisi vəzifəsinə görə eyni zamanda Naxçıvan Muxtar Respublikasının torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişidir. Xidmət rəisinin aid sahə üzrə müavini Naxçıvan Muxtar Respublikasının torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişinin müavinidir.

5.6. Xidmətin aparatının  aidiyyəti struktur vahidlərinin (şöbələrinin) rəhbərləri vəzifəsinə görə eyni zamanda torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə dövlət müfəttişidirlər. Xidmətin aparatının  dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri isə torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir.

5.7. Xidmətin yerli qurumlarının rəhbərləri vəzifələrinə görə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə rayon, şəhər dövlət müfəttişləridir. Yerli bölmələrin dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir.

5.8. Xidmətin rəisi:

5.8.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.8.2. Xidmətin vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.8.3. Xidmətin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və elmi-texniki şurasının əsasnamələrini təsdiq edir;

5.8.4. Xidmətin strukturuna daxil olmayan tabeliyindəki hüquqi şəxslərin nizamnamələrini təsdiq edir;

5.8.5. Xidmətin aparatının, strukturuna daxil olan qurumların işçilərini, strukturuna daxil olmayan tabeliyindəki qurumların isə rəhbərlərini və onların  müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.8.6. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün tədbirlər görür;

5.8.7. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Xidmət tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.8.8. Xidmətin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.8.9. səlahiyyətləri daxilində korrupsiyaya qarşı tədbir görür;

5.8.10. dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.8.11. Xidmətə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin formalaşdırılması ilə bağlı təkliflər verir;

5.8.12. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

5.8.13. Xidmətin dövlət qulluqçusu olan işçilərinə ixtisas dərəcələri verir.

5.9. Xidmətin rəisi öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə tapşıra bilər.

5.10. Xidmətdə rəisdən (kollegiyanın sədri), onun müavinlərindən və Xidmətin  digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Xidmətin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilər.

5.11. Xidmətin kollegiyasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.12. Xidmətin kollegiyası öz iclaslarında Xidmətin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

5.13. Xidmətin kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.13.1. Xidmət ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

5.13.2. qəbul edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Xidmətə tapşırılmış konkret normativ hüquqi aktları;

5.13.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

5.13.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

5.13.5. Xidmətin kollegiyasının müzakirəsinə çıxarılan digər aktları;

5.13.6. bu Əsasnamənin 5.13.1-ci - 5.13.5-ci yarımbəndlərinə uyğun olaraq, Xidmətin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktları.

5.14. Xidmətin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Xidmətin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Xidmətin kollegiyasının qərarları qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

5.15. Xidmətin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Xidmətin rəisi tərəfindən təsdiq edilir.

5.16. Xidmətin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, Xidmətin rəisi bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Xidmətin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.17. Xidmətin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.

5.18. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Xidmətdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şuranın tərkibi Xidmətin rəisi tərəfindən təsdiq edilir.

 

 

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin

S T R U K T U R U

1. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Aparatı (şöbələr və sektorlar)

2. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə və şöbələri