TƏLƏBƏLƏRİN İSTEHSALAT TƏCRÜBƏSİ BAŞA ÇATIB
07.04.2025
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Memarlıq ixtisasında təhsil alan tələbələr üçün təşkil olunan istehsalat təcrübəsi başa çatıb.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə çıxış edib.
Bildirilib ki, tələbələrin ilkin peşə vərdişlərinə yiyələnmələri gələcəkdə peşəkar, bacarıqlı mütəxəssis kimi formalaşmalarına, düzgün kariyera qurmalarına geniş imkanlar açır.
Qeyd edilib ki, təcrübə müddətində tələbələr Xidmətin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlər və vətəndaşlara göstərilən xidmətlərlə yaxından tanış olublar. Xidmətin əməkdaşları tərəfindən torpaqların texniki uçotunun aparılması və torpaq-kadastr sənədlərinin hazırlanması, Daşınmaz Əmlakın Dövlət Reyestrinin aparılması, TEKUİS-in əhəmiyyəti və ondan istifadə qaydaları, elektron taxeometr və GPS aləti, onların quruluşu və iş qaydaları, ərazinin plana alınması, “ArcMap” proqramı ilə tanışlıq və digər mövzularla bağlı ətraflı məlumat verilib. Tələbələr çöl ölçmələri zamanı əldə edilən məlumatların köçürülməsi və emalında, plan və xəritələrin tərtib olunmasında iştirak ediblər.
Naxçıvan Dövlət Universitetinin və Xidmət tərəfindən təyin olunan təcrübə rəhbərlərinin təcrübə proqramının təşkili və aparılması ilə bağlı fikirləri dinlənilib.
Sonda tələbələr Xidmətdə keçdikləri təcrübə müddətində yaradılan şəraitə görə minnətdarlıq ediblər.
