YENİ GEODEZİYA ÖLÇMƏLƏRİ İLƏ BAĞLI TƏLİM-TRENİNQ KEÇİRİLİB
14.03.2025
Geodeziya ölçü işlərində tətbiq olunan yüksək dəqiqlikli məlumatları emal etmək məqsədilə Naxçıvan Muxtar Respublikası ərazisində 4 geodeziya istinad stansiyasının – AzPOS sisteminin qurulması başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin sistemə qoşulma imkanlarına malik 4 ədəd müasir GPS cihazı alınaraq istifadəyə verilib. İsveçrə Respublikasının “Leica Geosystems” Şirkətinin istehsalı olan bu avadanlıqlar AzPOS-dan istifadə etməklə geodeziya ölçü işlərində yüksək dəqiqlikli koordinatların əldə edilməsinə imkan verəcək.
Yeni alınmış avadanlıqların istifadə qaydaları ilə bağlı Xidmətin mütəxəssisləri üçün təlim təşkil edilib. “R.İ.S.K.” Elmi İstehsalat Şirkətinin mütəxəssislərinin iştirak etdiyi təlimdə qeyd edilib ki, əvvəlki nəsil GPS avadanlıqları ilə müqayisədə bu cihazlar üstün texnologiyalarla təchiz edilib. Yeni yaradılmış muxtar respublikada geodeziya ölçü işlərinin daha keyfiyyətli, dəqiq və qısa vaxtda yerinə yetirilməsinə şərait yaradacaq.
Cihazın parametrləri, tənzimlənməsi, plana alınma və yerə köçürülmə, emal prosesi ilə bağlı yeniliklər təlim iştirakçılarına ətraflı izah olunub.
Baxılıb: 23
