NAXÇIVANDA NAĞDSIZ ÖDƏNİŞLƏRİN DAİRƏSİ GENİŞLƏNDİRİLİR
28.10.2024
Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvanda səfərdə olan Visa şirkətinin Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Abbas İsmayılov nağdsız ödənişlərin dairəsinin və dövriyyəsinin artımına müsbət təsir göstərən amillərdən bəhs edərək vurğulayıb ki, Naxçıvanda cari ilin 9 ayında qeydiyyatdan keçmiş POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 57,1 faiz, POS-terminallar üzrə dövriyyə 23,8 milyon manat və ya 41,6 faiz, nağdsız əməliyyatlar üzrə dövriyyə isə 309,5 milyon manat və ya 74,8 faiz artıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin geniş tətbiqi də nağdsız dövriyyələrin artımına müsbət təsir göstərib. Belə ki, 2024-cü ilin 9 ayında Naxçıvanda istehlakçılara qaytarılmış 1037,2 min manat ƏDV məbləğinin 75 faizi və ya 778,6 min manatı nağdsız ödənişlər üzrədir.
Əlavə olaraq bildirilib ki, qeyri-dövlət sektorunda əmək müqavilələri və əməkhaqlarının ağardılması, nağdsız qaydada ödənişləri genişləndirilir.
Visa şirkətinin ölkə üzrə meneceri Nurlan Hacıyev şirkət tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və əldə olunan təcrübələr haqqında məlumat verib.
Tərəflər müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması, rəqəmsal ödənişlərdən istifadə, Naxçıvan Muxtar Respublikasında mövcud biznes mühiti və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Baxılıb: 38