NAXÇIVANDA 3 KİÇİK DÖVLƏT MÜƏSSİSƏSİ VƏ 7 QEYRİ-YAŞAYIŞ SAHƏSİ ÖZƏLLƏŞDİRİLİB
30.08.2024
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən növbəti hərrac keçirilib.
Muxtar respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rayon idarələrinə məxsus əmlakların hərracla satışı zamanı Hərracların Təşkili Mərkəzi tərəfindən şəffaflıq tam təmin olunub, prosesin videoçəkilişi aparılıb.
Sifarişçilərin iştirakı ilə özəlləşdirilməyə çıxarılmış 4 kiçik dövlət müəssisəsindən 3-ü hərrac yolu ilə satılıb. Ordubad şəhərində yerləşən kiçik dövlət müəssisəsinin sifarişçisi olmadığından hərrac baş tutmamış hesab olunub.
Bundan başqa, muxtar respublikada 8 qeyri-yaşayış sahəsinin də özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib. Şərur, Ordubad, Babək və Culfa rayonlarından müxtəlif xidmət sahələrinə aid, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri satışa çıxarılıb.
Özəlləşdirilməyə çıxarılan 8 qeyri-yaşayış sahəsindən 7-si hərrac yolu ilə satılıb, 1 qeyri-yaşayış sahəsinin hərracı isə sifarişçi olmadığından baş tutmamış hesab olunub.
Baxılıb: 114