Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TƏLƏBƏLƏR XİDMƏTDƏ İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİBLƏR

TƏLƏBƏLƏR XİDMƏTDƏ İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİBLƏR

06.04.2024

Naxçıvan Dövlət Universitetinin Memarlıq-mühəndislik fakültəsinin Memarlıq ixtisasında təhsil alan tələbələr üçün təşkil olunan istehsalat təcrübəsi başa çatıb. Fevral ayının 16-dan start verilən təcrübə müddətində tələbələr Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində fəaliyyət istiqamətləri üzrə vətəndaşlara göstərilən xidmətlərlə yaxından tanış olublar. Gündəlik proqrama uyğun olaraq xidmətin əməkdaşları tərəfindən torpaqların texniki uçotunun aparılması və torpaq-kadastr sənədlərinin hazırlanması, elektron taxeometr, onun quruluşu və iş qaydaları, taxeometr və “GPS”-lə ərazinin plana alınması, “ArcMap” proqramı və digər mövzularla bağlı ətraflı məlumat verilib. Təcrübə müddətində tələbələr çöl ölçmələri zamanı əldə edilən məlumatların köçürülməsi və emalında, müvafiq plan və xəritələrin hazırlanmasında yaxından iştirak ediblər.

Ali təhsil müəssisəsində öyrəndikləri nəzəri bilikləri praktiki təcrübədə həyata keçirən tələbələr texniki inventarlaşdırma, texniki sənədlərin hazırlanması, həmçinin nəticələrin rəsmiləşdirilməsi, tikililərlə bağlı müvafiq qaydalara riayət olunması, yaşayış, ictimai, istehsalat binalarının tikinti sahəsinin, həcminin hesablanması üsulları və digər mövzularla bağlı məlumatlandırılıblar.

Əmlak Məsələləri Dövlət Xidmətindəki istehsalat təcrübəsinin son günü gələcəyin ixtisaslı kadrları kimi hazırlanan tələbələrlə görüş keçirilib, təcrübə zamanı əldə edilən biliklərin müzakirəsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Baxılıb: 109