Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - XİDMƏT FEVRAL AYINI 900-Ə YAXIN DAŞINMAZ ƏMLAKI QEYDİYYATA ALARAQ BAŞA VURUB

XİDMƏT FEVRAL AYINI 900-Ə YAXIN DAŞINMAZ ƏMLAKI QEYDİYYATA ALARAQ BAŞA VURUB

12.03.2024

Muxtar respublikada əmlak və torpaq idarəçiliyində müasir yanaşmaları tətbiq edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı və texniki sənədlərin hazırlanması sahəsindəki müsbət dinamika fevral ayında da müşahidə olunub.

Cari ilin ötən ayında Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 895 daşınmaz əmlak obyektinə məxsus mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı aparılıb. Bu dövrdə daxil olmuş vətəndaş müraciətləri əsasında 243 əmlaka dair texniki pasport, 331 torpaq sahəsinə dair plan və ölçü olmaqla, ümumilikdə 574 texniki sənəd hazırlanaraq hüquq sahiblərinə təqdim edilib. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 81 daşınmaz əmlak obyektinə ünvan verilib.

Fevral ayı ərzində Xidmət tərəfindən fəaliyyət istiqamətləri üzrə təqdim edilən elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən 88, notariat ofisləri tərəfindən 271 müraciət daxil olub ki, həmin müraciətlər də qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib.

Cari ilin ötən ayında kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 896 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. Həmçinin, Xidmət tərəfindən hazırlanan 700 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə yerləşdirilib.

Muxtar respublikanın bir sıra bölgələrini əhatə edən səyyar xidmətlər zamanı Şərur rayonunun Arpaçay və Püsyan, Babək rayonunun Zeynəddin və Nəzərabad, Ordubad rayonunun Sabirkənd və Vənənd, Culfa rayonunun Yaycı, Şahbuz rayonunun isə Badamlı kəndlərində vətəndaşlara xidmət göstərilib, sakinlərdən qəbul edilən müraciətlər operativ icra olunub.

Baxılıb: 150