BƏƏ İLƏ İQTİSADİ TƏRƏFDAŞLIĞIN İNKİŞAFI İSTİQAMƏTLƏRİ MÜZAKİRƏ OLUNUB
01.03.2024
Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri ilə görüşdə iqtisadi əlaqələr, “yaşıl” enerji layihələrinin icrası, birgə fəaliyyətin genişləndirilməsi üçün investisiya imkanları və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR prezidenti Rövşən Nəcəf və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui arasında görüş keçirilib.
Görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, dövlət başçılarının birgə siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb. İqtisadi-ticarət, qarşılıqlı investisiya qoyuluşu, logistika və s. sahələrdə tərəfdaşlığın genişləndiyi diqqətə çatdırılıb. Azərbaycanın regionda bərpaolunan enerjinin istehsalı və ixracı ilə bağlı bir sıra layihələrin əsas təşəbbüskarı və iştirakçısı olduğu vurğulanıb. BƏƏ-nin “Masdar” şirkəti ilə “yaşıl” enerji sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizin regional tərəfdaşlığa verdiyi önəm və töhfələr diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı dövlətləri ilə müxtəlif platformalarda səmərəli əməkdaşlıq edir.
Qeyd edilib ki, ölkəmizin əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, tranzit imkanlarının artması investorların fəaliyyəti üçün geniş imkanlar açır. Bu imkanlardan yararlanan BƏƏ iş adamları ilə birgə layihələrin icrası regional əməkdaşlığı daha da genişləndirə bilər.
Görüşdə iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi, “yaşıl” enerji və digər sahələrdə birgə təşəbüslərin reallaşdırılması, COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri, təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunub.
Baxılıb: 150