Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ÇİNDƏ BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ÇİNDƏ BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB

06.02.2024

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində bir sıra işgüzar görüşlər keçirilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Çinin nəqliyyat vasitələri istehsal edən müəssisələrin rəhbərliyi ilə görüş keçirib, zavodların istehsal fəaliyyəti ilə tanış olub. Görüşlərdə ölkəmizin əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.

Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji və bu sektora bağlı sənaye sahələrinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Azərbaycanda bu sahədə ixtisaslaşmış müəssisələrin qurulması üçün geniş imkanlar var. Çin şirkətlərinin nümayəndələrinə ölkəmizdə “yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, biznes təşəbbüslər üçün geniş perspektivlərin olduğu vurğulanıb, Azərbaycanda birgə istehsal müəssisələrinin qurulması imkanları nəzərdən keçirilib.

 “Alibaba” şirkətinin Qloballaşma Ofisinin rəhbərliyi ilə görüşdə Azərbaycan məhsullarının “Alibaba” elektron ticarət platformasında satışa çıxarılması məsələləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti həmçinin Pekin şəhərində yerli məhsullarımızın tanıdıldığı, “Made in Azerbaijan” brendinin nümayiş edildiyi Azərbaycan Ticarət Evində olub.

Baxılıb: 130