Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KƏNGƏRLİ RAYONUNUN QIVRAQ QƏSƏBƏSİNDƏ TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIB

KƏNGƏRLİ RAYONUNUN QIVRAQ QƏSƏBƏSİNDƏ TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIB

06.04.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Kəngərli rayonunun Qıvraq qəsəbəsində  monitorinq aparılıb.

Cari ilin I rübü ərzində aparılmış yoxlamalar nəticəsində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, eyni zamanda yol, kanal və arxların mühafizə zonalarının zəbt edilməsi aşkar edilib, həmin vətəndaşlarla yerli icra nümayəndələri ilə birlikdə fərdi qaydada maarifləndirici söhbətlər aparılıb, vətəndaşlara Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri, yəni torpaq sahələrinin özbaşına tutulması, zəbt olunmasının qadağan olunduğu izah edilib.

Monitorinq zamanı qəsəbədə  98 fiziki şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid 7 hektara yaxın torpaq sahəsinin zəbt olunması faktı aşkar olunub. Qəsəbə sakinləri tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin metal çəpərləri sökülərək əvvəlki vəziyyətinə, yəni bələdiyyə mülkiyyətinə qaytarılıb.

Nəzərə alınmalıdır ki, qeyd olunan qanunsuz hərəkətlərin nəticəsində kənd təsərrüfatına yararlı torpaqların sahəsi azalır, torpaqların məqsədli istifadəsində maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır. Unutmaq olmaz ki, belə hallar həm də qanunla cinayət məsuliyyəti yaradır. Bundan əvvəl rayonun Yeni Kərki və Xok kəndlərində monitorinqlər aparılmışdır. Beləliklə, Kəngərli rayonunun ərazisində torpaqlardan səmərəli istifadəyə dair monitorinqlər başa çatdırılmışdır.

Qeyd edək ki, torpaqların monitorinqi ilə bağlı işlər Şahbuz rayonunun Sələsüz, Türkeş, Daylaqlı bələdiyyə ərazilərində davam etdirilir.

Baxılıb: 259