Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞƏRUR RAYONUNDA PLANAALMA İŞLƏRİ BAŞA ÇATDIRILIB

ŞƏRUR RAYONUNDA PLANAALMA İŞLƏRİ BAŞA ÇATDIRILIB

16.05.2019

    “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2 aprel 2016-cı il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Şərur rayonunun bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb.

   2018-ci ilin aprel ayından başlanılan planaalma işləri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən müasir geodeziya-ölçü avadanlıqlarından istifadə edilməklə yüksək dəqiqlik və keyfiyyətlə yerinə yetirilib.
    Aparılmış planaalma işləri nəticəsində 34 mindən artıq daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Komitənin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb.

    Rayonun bütün bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanıb. Şərur rayonunun 87226 ha ərazisinin 42052 hektarı dövlət, 30954 hektarı bələdiyyə, 14220 hektarı isə xüsusi mülkiyyətdə olan torpaq sahələridir.
    Hazırda planaalma işləri başa çatmış yaşayış məntəqələrinin ərazilərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunur, uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Baxılıb: 649