Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

F Ə R M A N I

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 may tarixli 152-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Əsasnamənin mətnində “xüsusi (sahəvi) təyinatlı geodeziya ” sözləri müvafiq olaraq “geodeziya” sözləri ilə əvəz edilsin.

2. 3.0.45-ci yarımbənddə “xüsusi (sahəvi) təyinatlı geodeziya” sözləri “geodeziya və kartoqrafiya” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 3.0.45-1-3.0.45-5-ci yarımbəndlər əlavə edilsin:

“3.0.45-1. geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya və kartoqrafiya məlumatlarının saxlanılmasını və istifadəsini təmin edən tədbirlər hazırlamaq və həyata keçirmək;

3.0.45-2. geodeziya təyinatlı ölçmə vasitələrinin sınağını, geodeziya ölçmələrində vahidliyin təmin edilməsini, geodeziya, topoqrafiya və kartoqrafiya məhsullarının sertifikatlaşdırılmasını həyata keçirmək;

3.0.45-3. geodeziya və kartoqrafiya işlərinin və onların nəticələri olan materialların və məlumatların hazırlanmasının və istifadəsinin vahid rejim və normativ-texniki sənədlər əsasında həyata keçirilməsinə nəzarət etmək;

3.0.45-4. muxtar respublika ərazisində aparılan geodeziya və kartoqrafiya işlərinin nəticələri və kartoqrafiya təminatı haqqında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumatlar vermək;

3.0.45-5. torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlamaq;”.

4. Aşağıdakı məzmunda 3.0.55-1-ci yarımbənd əlavə edilsin:

“3.0.55-1. yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidləri arasında uzunmüddətli istifadə üçün bölüşdürülməsi barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;”.

5. 3.0.69-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.69. torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodeziya istinad şəbəkəsinin yaradılmasını, topogeodeziya, kartoqrafiya, kadastr plan və xəritələrinin tərtibini, yeniləşdirilməsini və təminatı işlərini həyata keçirmək, onlardan istifadə etmək, fəaliyyət istiqamətləri üzrə plan və xəritələri hazırlamaq;”.

6. Aşağıdakı məzmunda 3.0.69-1-3.0.69-5-ci yarımbəndlər əlavə edilsin:

“3.0.69-1. dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılmasını, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək;

3.0.69-2. dövlət topoqrafik xəritələrin və planların hazırlanmasını, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən peyk geodeziya və qravimetrik şəbəkələrin yaradılmasını və işçi vəziyyətində saxlanmasını təmin etmək;

3.0.69-3. dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə və    elmi-tədqiqat məsələlərinin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafikli, rəqəmli, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək;

3.0.69-4. Naxçıvan Muxtar Respublikasının ərazisində baş verən dəyişikliklərə uyğun olaraq, topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişikliklərin yeni nəşr olunan xəritələrdə əks etdirilməsini təmin etmək;

3.0.69-5. coğrafi obyektlərin mövcud və yeni verilən adlarını qeydiyyata almaq və onların uçotunu, habelə coğrafi obyektlərin adlarının dövlət kataloqunu aparmaq;”.

7. 3.0.72-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.72. vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və digər yaşayış məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planaalmasını, habelə ərazi vahidlərinin ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda tərtib edilməsini həyata keçirmək;”.

8. Aşağıdakı məzmunda 3.0.72-1-ci yarımbənd əlavə edilsin:

“3.0.72-1. vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək;”.

9. Aşağıdakı məzmunda 3.0.91-1-ci yarımbənd əlavə edilsin:

“3.0.91-1. qanunvericiliyə uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üzrə zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;”.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                                      VASİF  TALIBOV

 Naxçıvan şəhəri, 10 mart 2016-cı il

№ 18-V FR