Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNİN VƏ ONUN TABELİ QURUMLARININ FƏALİYYƏTİNƏ DAİR MƏLUMATLAR AÇIQLANIB

X Ə B Ə R L Ə R

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNİN VƏ ONUN TABELİ QURUMLARININ FƏALİYYƏTİNƏ DAİR MƏLUMATLAR AÇIQLANIB

09.12.2024

Naxçıvanda “Dövlət-Biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvan Muxtar Respublikasının  2024-cü ilin 11 ayı ərzində iqtisadi aktivlik göstəricilərini, o cümlədən İqtisadiyyat Nazirliyinin və onun tabeli qurumlarının fəaliyyətinə dair məlumatları  açıqlayıb.

 

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı artıb

 

2024-cü ilin 11 ayı ərzində İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" vasitəsilə sahibkarlara 88 lisenziya verilib.

Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 4758 icazə reyestrdə qeydiyyata alınıb və 143,6 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə icazələr 14,3 dəfə, verilmiş icazələrdən daxilolmalar isə 2,3 dəfə artıb.

 

Naxçıvanın ixrac coğrafiyası genişlənib

 

Cari ilin 10 ayı ərzində muxtar respublikada istehsal edilmiş məhsullardan Gürcüstan Respublikasına 3,2 milyon ABŞ dolları, Rusiya Federasiyasına 1,2 milyon ABŞ dolları, Yəmən Respublikasına 1,3 milyon ABŞ dolları və digər ölkələrə 3,1 milyon ABŞ dolları olmaqla, ümumilikdə 8,8 milyon ABŞ dolları dəyərində ixrac olunub.

Cari ilin 11 ayında Naxçıvanda istehsal olunmuş məhsulların ixracı üçün 335 mənşə seritfikatı verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz çoxdur.

 

Naxçıvanda qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 3,7  dəfə artıb

 

Əmək münasibətlərinin şəffaflaşdırılması və əməkhaqqının ağardılması istiqamətində əməli tədbirlər davam etdirilib, əməkhaqqının nağdsız qaydada ödənilməsi genişləndirilib.

Nəticədə, 1 dekabr 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,7 dəfə artaraq 11.363 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,8 dəfə artıb.

 

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 41 mindən çox şəxs qəbul edilib

 

2024-cü ilin 11 ayında vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 41 mindən çox şəxs qəbul edilib. Xidmət mərkəzləri tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 55 minə yaxın xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz çoxdur.

Cari ilin yanvar-noyabr aylarında vergi ödəyicilərinə 487 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Hesabat dövründə vergi ödəyiciləri ilə 88 görüş keçirilib, 621 ünvanlı xidmət göstərilib.

Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,6 faiz təşkil edib.

 

Naxçıvanda vergi daxilolmaları 200 milyon manatı ötüb

 

Cari ilin 11 ayında faktiki vergi daxilolmaları Naxçıvanda ilk dəfə olaraq 200 milyon manatı ötərək 202,8 milyon manat təşkil edib ki, bu da 11 ay üzrə müəyyən olunan proqnoz məbləğindən 44,4 milyon manat və ya 28 faiz çoxdur. 

Cari ilin 11 ayında vergi daxilolmaları 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 52,4 milyon manat və ya 34,9 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 86,5 milyon manat və ya 74,4 faiz çoxdur. 

2024-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta daxilolmaları 8,1 faiz, işsizlik sığortası fonduna daxilolmalar 11 faiz, icbari tibbi sığorta daxilolmaları 16,7 faiz, nağdsız əməliyyatlar üzrə 10 aylıq dövriyyə isə 340,1 milyon manat və ya 71 faiz artıb.

 

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 37,9 faiz artıb

 

Muxtar respublikada iqtisadi aktivlik yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin, obyektlərin, əlavə dəyər vergisi ödəyicilərinin sayında və digər sahələrdə də izlənilməkdədir.

Belə ki, ilin əvvəli ilə müqayisədə 1 dekabr 2024-cü il tarixə aktiv vergi ödəyicilərinin sayı 37,9 faiz artaraq 21374 təşkil edib. 1 yanvar 2023-cü illə müqayisədə isə aktiv VÖ-nin sayı 68,2 faiz, qeydiyyatda olan obyektlərin sayı 20,1 faiz, ƏDV ödəyicilərinin sayı 84,2 faiz, qeydiyyatda olan Online NKA sayı 70,4 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 4,7 dəfə, aktiv bank hesablarının sayı 3,6 faiz artıb.

 

Əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlər üzrə vergi daxilolmalarında ciddi artım olub

 

Əhali ilə nağd hesablaşma aparan aktiv obyektlər üzrə vergi daxilolmaları 2024-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə  49,7 faiz artaraq 9,1 milyon manata yaxın olub.

 

Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı artıb

 

Daşınmaz əmlakla bağlı xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib.

2024-cü ilin 11 ayında dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən daxil olmuş elektron müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.

 

Naxçıvanda dövlət əmlakının icarəsindən

büdcəyə daxilolmalar 55,4 faiz artıb

 

Cari ilin 11 ayı ərzində dövlət əmlakının səmərəli idarə edilməsinin nəticəsində yeni bağlanmış icarə müqavilələrinin sayının 44 faiz azalmasına baxmayaraq icarədən büdcəyə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz artıb.

 2024-cü ilin 11 ayı ərzində 210 dövlət əmlakı özəlləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz çoxdur.

 

Naxçıvanda özəlləşdirmədən daxil olan vəsait 39,5 faiz artıb

 

Naxçıvan Muxtar Respublikasında cari ilin 11 ayı ərzində özəlləşdirmədən cəmi daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz artaraq 2,6 milyon manat təşkil edib, muxtar respublika büdcəsinə və xüsusi vəsait hesabına daxilolmalar isə 40 faiz artıb.

Cari ilin 11 ayı ərzində 140 hərrac və müsabiqə keçirilib. Hərrac və müsabiqələrin sayının 43 faiz azalmasına baxmayaraq xüsusi vəsait hesabına daxiolmalar 2 dəfə artıb.

 

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 3,8 faiz artıb

 

Cari ilin mart ayından dövlət əmlakının registrinin elektron sistem üzərindən aparılmasına başlanılıb. 406 dövlət müəssisə və təşkilatının balansında olan 4808 daşınmaz əmlaka dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə daxil edilib.

2024-cü ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın dövlət qeydiyyatı 3,8 faiz, hazırlanmış texniki sənədlərin sayı isə 4,2 faiz artıb.

Cari ilin 11 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən daxilolmalar 14,6 faiz, dövlət rüsumu isə 12,4 faiz artıb.

 

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun ehtiyatlarının qalıq məbləği 3 dəfə artıb

 

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu maliyyə gücünü artırmaq və özəl sektorun inkişafını dəstəkləmək istiqamətindəki uğurlu fəaliyyəti ilə diqqət çəkib.

2024-cü ilin 11 ayında görülən işlər nəticəsində Fondun kredit portfeli 46,3 milyon manat təşkil edib, ehtiyatların qalıq məbləği 1 dekabr 2024-cü il tarixə ilin əvvəli ilə müqayisədə 3 dəfə artaraq 20,1 milyon manata çatıb.

 

Naxçıvanda problemli kreditlərin qaytarılması 14 dəfə artıb

 

Naxçıvan Muxtar Respublikasında kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Cari ilin 11 ayı ərzində verilən güzəştli kreditlərin 16,6 milyon manatının geri qaytarılması təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Cari ilin 11 ayında 10,5 milyon manat problemli kreditin geri qaytarılması təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə  14 dəfə çoxdur.

 

Naxçıvanda sahibkarlara çağırış edilib

 

Naxçıvanda keçirilən “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda  keçirilən görüşdə iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarlara çağırış edib.

Abbas İsmayılov  bildirib ki, iş adamları real sektora və prioritet sahələrə yönəlmiş layihələrini Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirmək imkanlarından yararlanmalıdırlar. O qeyd edib ki, Naxçıvanda yerli istehsalın dəstəklənməsi və idxaldan asılılığın azaldılması istiqamətində geniş imkanlar mövcuddur.

Eyni zamanda, Abbas İsmayılov vurğulayıb ki, Naxçıvanda ekoloji, dini, müalicəvi, dağçılıq turizminin inkişafı üçün böyük potensial mövcuddur. Burada tarixi abidələrin zənginliyi, Duzdağ Fizioterapiya Mərkəzi, müalicəvi sular və münbit təbii iqlim bu sahəyə investisiyaları cəlbedici edir. O  sahibkarları bu imkanlardan istifadə edərək regionun inkişafına töhfə verməyə çağırıb.