Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış

Azərbaycan Respublikasının

Cinayət Məcəlləsindən çıxarış

Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma

188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma –

səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma -

bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə -

üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

188.4.1. təkrar törədildikdə;

188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 191. Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı

Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən azaltma—

iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Maddə 254. Torpaqları korlama

254.1. Saxlanması, istifadə edilməsi yaxud daşınması zamanı gübrələrlə, təhlükəli kimyəvi və ya bioloji maddələrlə davranış qaydalarının pozulması nəticəsində təsərrüfat və ya başqa fəaliyyətin zərərli məhsulları ilə torpaqların zəhərlənməsi, çirkləndirilməsi yaxud onların başqa cür korlanması, insanların sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyanın vurulmasına səbəb olduqda—

üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 

254.2. Eyni əməllər fövqəladə və təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

254.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 314-1. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə

314-1.1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

314-1.2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1.3. Bu Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə törədildikdə -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 314-2. Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə

314-2.1. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə- 

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

314-2.2. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə- 

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

314-2.3. Bu Məcəllənin 314-2.1 və 314-2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Baxılıb: 3622