Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən çıxarış

Azərbaycan Respublikasının İnzibati Xətalar

Məcəlləsindən çıxarış

Maddə 244. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması

244.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə-

fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

244.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə-

fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Maddə 244-1. Əkin yerinin yandırılması 

Əkin yerinin yandırılmasına görə -

fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Maddə 245. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi

245.1. Torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə-

fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

245.2. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələndirilməsinə, tikilməsinə və istismara verilməsinə görə-

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Maddə 246. Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsi

Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə-

yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 247. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi

247.1. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -

fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

247.2. Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -

fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Maddə 251. Torpaq sahələrində meteoroloji şəbəkələrin, ölçmə vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və torpaqların kateqoriyalarının dəyişdirilməsi

251.1. Torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçmə vasitələrinin, geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına görə -

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

251.2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə -

fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

251.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə -

fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 270. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması

270.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına, yəni:

270.0.1. dövlət qeydiyyatına alınmamış və ya patenti alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlığının və cihazlarının ticarət dövriyyəsinə daxil edilməsinə;

270.0.2. dövlət geodeziya-istinad məntəqələrinin və ya yerüstü nişanların korlanmasına, yaxud məhv edilməsinə;

270.0.3. dövlət geodeziya və kartoqrafiya xidməti orqanının razılığı olmadan dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə məntəqə və nişanların yenidən qurulmasına, yaxud yeni məntəqə və nişanların quraşdırılmasına görə-

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Maddə 559. İpoteka haqqında qanunvericiliyin pozulması

İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən qeydiyyat qaydalarını pozmaqla və ya ipoteka kağızının dublikatında ipoteka kağızı ilə uyğunsuzluğa yol verməklə maraqlı şəxsə zərər vurulmasına görə -

beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.

Baxılıb: 3108