Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi - 2020-Cİ İLDƏ İLK MƏKTƏB BİNASI VƏNƏNDDƏ İSTİFADƏYƏ VERİLMİŞDİR

2020-Cİ İLDƏ İLK MƏKTƏB BİNASI VƏNƏNDDƏ İSTİFADƏYƏ VERİLMİŞDİR

Yanvarın 13-də Vənənd kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını etmiş, yaradılan şəraitlə maraqlanmışdır.

Bildirilmişdir ki, 432 şagird yerlik ikimərtəbəli məktəbdə 27 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 kompüter otağı, 3 elektron lövhəli sinif, hərbi kabinə, 2 şahmat sinfi, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Kitabxana fondunda 5100-ü dərslik və 4730-u bədii ədəbiyyat olmaqla, 9830 kitab vardır. Kompüter otaqlarında isə 43 kompüter quraşdırılaraq internetə qoşulmuşdur.

Ali Məclisin Sədri birinci sinifdə və məktəbəqədər hazırlıq qrupunda tədrisin təşkili ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il birinci sinifdə 25 şagird təhsil alır. Məktəbəqədər hazırlıq qrupunda isə 30 şagird vardır.

Hərbi kabinəyə baxış zamanı qeyd olunmuşdur ki, məktəbdə şagirdlərin hərb sənətinə marağının artırılması diqqətdə saxlanılır. Ötən il 3 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

Elektron lövhəli sinifdə Naxçıvan Dövlət Tarix Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçilən interaktiv dərs izlənilmişdir.

Müəllimlərdən Şükufə Mirzəyeva, Aynurə Məmmədova, Günel İmamquliyeva və Ətrübə İmanova Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər. Ətrübə İmanova demişdir: “Bu gün Vənənd kəndində bayramdır. Çünki kənd tamamilə yenidən qurulub. Aparılan quruculuq işlərinin nəticəsi kimi kollektivin istifadəsinə müasir məktəb binası verilib. Naxçıvanda elmə, təhsilə böyük qayğı göstərilir. Bütün bunlar ulu öndərimizin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir”.

İdman zalında və şahmat siniflərində də şagirdlərin fiziki və əqli inkişafı üçün lazımi şərait yaradılmışdır.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.

Məktəbin direktoru Təranə İsmayılova çıxış edərək demişdir ki, muxtar respublikamızda quruculuq işlərinin bütün yaşayış məntəqələrini, xüsusilə kəndləri əhatə etməsi inkişafın ən mühüm amilidir. Vənənd kəndində də kompleks quruculuq və abadlıq işləri aparılmış, ən müasir məktəb binası tikilmişdir. Müasir tədrisşəraiti ilə təmin olunmuş məktəb bu gün müəllim və şagirdlərin istifadəsinə verilir. Yeni məktəbdə yaradılan şərait bundan sonra da tədrisin yüksək səviyyədə təşkilinə və nailiyyətlərin artmasına imkan verəcəkdir. Təranə İsmayılova kollektiv adından minnətdarlıq etmiş, gənc nəslin təlim-tərbiyəsində səylə çalışacaqlarına söz vermişdir.

Məktəbin müəllimi Surə Ağayeva Ali Məclis Sədrinə müraciət edərək demişdir: “1995-ci ildə muxtar respublika rəhbəri seçilərkən təhsil quruculuğunu inkişafın əsas istiqaməti kimi müəyyənləşdirmişdiniz. Ötən dövrdə muxtar respublikamızda təhsil islahatları geniş vüsət almışdır. Şəhər və rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndlərində də yeni məktəb binaları inşa olunub. Artıq Naxçıvan təhsili yeni inkişaf dövrünü yaşayır. Yaratdığınız şəraitin nəticəsidir ki, muxtar respublikada istedadlı və bilikli gənclər yetişir. Hər il yüzlərlə məzun ali məktəblərə qəbul olur, yüksək nəticə göstərirlər. Müəllim əməyinə də yüksək qiymət verilir. Gənc müəllimlərin işlə təminatı üçün əlverişli şərait yaradılır. Müəllimlərin əməkhaqqı dəfələrlə artırılır. Fərqlənən müəllimlər dövlət mükafatları ilə təltif olunurlar. Sevinirik ki, təhsilə, elmə yüksək dəyər verildiyi, müəllim adının yüksək tutulduğu Naxçıvanda yaşayır və çalışırıq. Qarşıdan gələn yubileyiniz münasibətilə Sizi təbrik edir, doğma Naxçıvanımızın işıqlı gələcəyi naminə fəaliyyətinizdə möhkəm cansağlığı və uğurlar arzulayırıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vənənd kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Müstəqil dövlətdə yaşayan hər bir gənc birinci növbədə yaxşı təhsil almalı, vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunmalıdır”, fikrini xatırladaraq demişdir: Vənənd kənd tam orta məktəbində ümummilli liderimizin tövsiyələrini həyata keçirmək üçün hərtərəfli şərait yaradılıb. Görülən işlər tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Əvvəlki məktəbdə müasir tədris şəraiti yox idi. Lakin bu gün məktəbdə elektron lövhələr, laboratoriyalar, kitabxana, elektron dərsliklər və lazım olan digər müasir tədris avadanlıqları pedaqoji kollektivin istifadəsinə verilir. Ona görə də müəllimlər öz üzərlərində işləməli, tədris müasir metodlar əsasında qurulmalıdır.

Ali Məclisin Sədri demişdir: Birləşmiş Millətlər Təşkilatı XXI əsri elm və təhsil əsri adlandırıb. Bu çağırışlara uyğun olaraq ölkəmizdə təhsilin inkişafına diqqət göstərilir. Azərbaycanda təhsil islahatlarının əsası ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə – ötən əsrin 70-ci illərində qoyulmuşdur. Həmin dövrdə Azərbaycanda yeni təhsil müəssisələri yaradılmış, hər il minə yaxın gənc Sovetlər Birliyinin ən yüksək ali məktəblərinə təhsil almağa göndərilmişdir. Ulu öndər müstəqillik illərində də Azərbaycanda təhsil işinə və müəllim əməyinə yüksək qiymət vermişdir. Bu gün də ölkə Prezidentinin Heydər Əliyev yoluna sədaqətinin nəticəsidir ki, Azərbaycanda sabitlik, inkişaf və tərəqqi vardır. Təhsilin müasir tələblər səviyyəsində qurulması və gənclərin hərtərəfli təhsil almaları üçün lazımi tədbirlər görülür. Dünyada elə ölkələr var ki, orada təhsilin inkişafından danışmaq mümkün deyil. İnsanlar ancaq yaşamaq uğrunda mübarizə aparırlar, gənclər təhsildən kənarda qalıblar. Lakin Azərbaycan savadlılıq səviyyəsinə görə dünya ölkələri sırasında 100 faiz nəticəyə malik olan ölkələrdəndir. Bütün bunlar da ölkəmizin inkişafına xidmət edir.

“Bu gün dünyada qəbul olunmuş “elmdən istehsalata” təcrübəsi Azərbaycanda uğurla tətbiq olunur. Gənclər təhsilin bütün pillələri üzrə hərtərəfli təhsil almaq imkanlarına malikdirlər. Muxtar respublikada da bu sahədə görülən işlər təhsilin inkişafını təmin etmişdir. Artıq Naxçıvan Muxtar Respublikasında təhsilin inkişaf göstəriciləri ümumi Azərbaycan üzrə orta səviyyədən yüksəkdir”, – deyən Ali Məclisin Sədri Vənənd kənd tam orta məktəbi kollektivinin timsalında muxtar respublikanın bütün müəllim və təhsil işçilərinə təşəkkür etmişdir.

Qeyd olunmuşdur ki, Vənənd kənd tam orta məktəbinin yaxşı təhsil ənənələri vardır. Son 5 ilin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə tədris nümunəvi təşkil olunmuş, məzunların 53 faizi ali məktəblərə qəbulda uğurlu nəticə göstərmiş, 500-700 intervalında yüksək bal toplamışlar. Həmçinin məktəbin şagirdləri Heydər Əliyev adına Hərbi Liseydə və ali hərbi məktəblərdə təhsillərini davam etdirirlər. Qazanılan nailiyyətlərin nəticəsidir ki, məktəbin müəllimlərindən 2-si “Azərbaycan Respublikasının Əməkdar müəllim”i fəxri adına layiq görülmüşdür.

Ali Məclisin Sədri demişdir: Orta təhsilini başa vuran hər bir gənc peşə sahibi olmalı, cəmiyyət və ölkə üçün yararlı vətəndaşa çevrilməlidir. Ona görə də gənclər ümummilli liderimizin tövsiyələrini əsas götürərək ilk növbədə yaxşı təhsil almalı, vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunmalıdırlar. Bu gün muxtar respublikamızda təhsil sahəsində görülən işlər onu deməyə əsas verir ki, müəllimlərin səyi və tələbkarlığı, şagirdlərin çalışqanlığı nəticəsində hər bir gənc yaxşı təhsil alır, peşə öyrənir, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyə olunur.

Ali Məclisin Sədri kollektivi bir daha təbrik etmiş, tədrisdə uğurlar arzulamışdır.

Binanın həyətində bufet və fərdi qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, abadlıq işləri aparılmış, yaşıllıq sahəsi salınmış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti