Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi - OKTYABR AYINDA 645 DAŞINMAZ ƏMLAK OBYEKTİ QEYDİYYATA ALINIB

X Ə B Ə R L Ə R

OKTYABR AYINDA 645 DAŞINMAZ ƏMLAK OBYEKTİ QEYDİYYATA ALINIB

  26.11.2019

Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi 2019-cu ilin oktyabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.

Ötən ay 30 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Şahbuz rayonunda planaalma işləri davam etdirilmiş, 1214 daşınmaz əmlak obyekti plana alınmışdır. Rayonun Şahbuzkənd, Daylaqlı və Sələsüz bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır.

Babək rayonunun Zeynəddin kəndində torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dair monitorinqlər zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər davam etdirilmiş, Sirab kəndində monitorinqlərə başlanılmışdır. Rayonun Kərimbəyli, Kültəpə, Qahab, Sirab və Zeynəddin bələdiyyələrinin torpaqların qida maddələri ilə təminolunma kartoqramları hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Naxçıvan şəhərində, Şərur, Babək, Şahbuz və Kəngərli rayonlarında “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda seminarlar, Naxçıvan Dövlət Universitetinin komitənin hamiliyinə verilmiş tələbələri ilə görüş keçirilmişdir.

Oktyabr ayında 645 daşınmaz əmlak obyekti qeydiyyata alınmış, 386 texniki sənəd hazırlanmış, yeni yaranmış 82 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 93 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 64 vətəndaşın müraciətinə baxılmış, 64 vətəndaşa elektron xidmətlər göstərilmişdir.