Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi - VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ DAVAM ETDİRİLİR

X Ə B Ə R L Ə R

VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ DAVAM ETDİRİLİR

  22.11.2019

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi davam etdirilir.

Noyabrın 21-də Komitənin səyyar xidmət qrupu Şərur rayonunun Aşağı Daşarx kəndində olub. Xidmət göstərilən kəndlə yanaşı ətraf yaşayış məntəqələrindən də səyyar xidmət qrupuna müraciətlərə baxılıb, daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı üçün 14, məhdudiyyət və yüklülüyə dair arayışın verilməsi üçün 3, ümumilikdə 17 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Müraciətlərlə əlaqədar qəbul edilmiş sənədlər Komitənin Şərur Rayon İdarəsi tərəfindən elektron sistemə daxil edilib.

Qeyd edək ki, səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması üçün sənədlərin qəbulu aparılır. Eyni zamanda vətəndaşlara mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlakla bağlı əməliyyatların aparılması, qeydiyyat üçün tələb olunan sənədlərdəki çatışmazlıqların aradan qaldırılması yolları ilə bağlı hüquqi yardım göstərilir.

Səyyar xidmət zamanı daşınmaz əmlakın qeydiyyatı ilə bağlı texniki məsələlərin həlli də diqqətdə saxlanılır. Bu məqsədlə ayrılmış mütəxəssislər tərəfindən əmlakın müayinəsi aparılır, ən müasir geodeziya avadanlıqları vasitəsi ilə ölçüləri dəqiqləşdirilir.